Bakteriyalar kosmosdakı həyata uyğunlaşır

21 Sentyabr 2024 14:36 (UTC+04:00)

Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsindəki bakteriyalar kosmosdakı sərt şəraitə uyğunlaşmağa başlayıb. SİA xəbər verir ki, NASA-nın reaktiv sürət laboratoriyasında çalışan tədqiqatçılar bakteriyaların genetik materiallarında yüksək şüalanma və çəkisizliklə daha yaxşı mübarizə aparmağa imkan verən mutasiyaların olduğunu aşkarlayıb.

Ciddi gigiyenik qaydalara baxmayaraq, bakteriyalar BKS-ə astronavtlar və ya pilotsuz təchizat uçuşları ilə çatır. Mikroblar ekipaj üçün potensial təhlükə yaratdığı üçün NASA mümkün çirklənməni daim izləyir.

Ən son araşdırmalar üçün astronavtlar yemək masası və ayaqyolundan nümunələr götürüblər. Tədqiqatçılar daha sonra stansiyadan gətirilən beş müxtəlif növ bakteriyanın genetik materialını araşdırıblar. Məlum olub ki, Yerdəki növlərlə müqayisədə BKS-dən gələn bakteriyaların genomunda müxtəlif dəyişikliklər baş verib. Belə ki, “kosmik” bakteriyalar çəkisizlikdə sağ qalmağa imkan verən zülallar istehsal edirlər. Digər dəyişikliklər isə kosmosdan gələn radiasiya nəticəsində genomun zədələnməsinin bərpasını təmin edir.

Tədqiqatçılar, həmçinin mutasiyaların insanın immun sistemi tərəfindən bakteriyaların aşkarlanmasını çətinləşdirə biləcəyinə dair sübutlar da tapıblar.