Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova sentyabrın 20-də Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şəki rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. SİA xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, işə qəbul, aqrokimya laboratoriyalarının fəaliyyəti, mütəxəssislərin hazırlanması və digər məsələlərlə bağlı olub.
Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaş qəbulu başa çatdıqdan sonra İlhamə Qədimova Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.
Daha sonra nazir müavini İlhamə Qədimova Şəki rayonunda çəkil bağları və tütün əkini sahələrinə baxış keçirib, əkin sahələrində və bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, müasir bağçılığa dövlət dəstəyi mexanizmləri barədə fermerlərlə fikir mübadiləsi aparıb.