Dost və düşməni tanıdan 44 günlük Vətən Müharibəsi TƏHLİL

20 Sentyabr 2024 16:01 (UTC+04:00)

PREZİDENT İLHAM ƏLİYEV: "Bu müharibə göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir"

Dörd il öncə – 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək 44 gün davam edən İkinci Vətən Müzaribəsi rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları ilə əldə edilən parlaq qələbə nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi. Hazırda respublikamızın qarşısında duran ən ümdə məsələ "Böyük Qayıdış" strategiyası vətəndaşlarımızın işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını reallaşdıracaq. Artıq bərpa-quruculuq prosesinin vahid mərkəzdən həyata keçirilməsinə başlanılıb. Azərbaycan Prezident İlham Əliyev bütün görüşlərdə, müsahibələrində bu torpaqlarda bütün işlərin ardıcıllıqla həyata keçiriləcəyini, birincisi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün ərazilərin minalardan təmizlənəcəyini, erməni vandallarına qarşı beynəlxalq səviyyədə təzminat davasının açılması üçün onların vurduqları ziyanın qiymətləndiriləcəyini, lazımi inventarlaşdırma, pasportlaşdırma işlərinin aparılacağını, infrastruktur layihələrinin icra ediləcəyini xatırladıb. Ən əsası isə vurğulayıb ki, böyük quruculuq işlərinə isə Azərbaycana əsl dost olan ölkələrin dost ölkələrin dəvət olunmasıdır: "Bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik".

ƏSL DOSTLUQ İSƏ ÖZÜNÜ ÇƏTİN ANLARDA BÜRUZƏ VERİR

Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə vurğulayıb ki, əsl dostluq özünü çətin anlarda büruzə verir: "Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq".

Bəli, Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etmək məqsədilə sentyabrın 27-də başlatdığı və 44 gündən sonra şanlı zəfərlə başa çatdırdığı Vətən müharibəsində kimin dost, kiminsə düşmən olduğunu açıq-aşkar gördük. Hətta səssiz qalmağa üstünlük verib, "nə şiş yansın, nə də kabab" deyiminə uyğun olaraq tərəflərdən heç birini incik salmamaq üçün səsləndirilən çağırışları da eşitdik. İllərlə dost, qardaş dediyimiz ölkələrin bir çoxunun düşmən qarşısında acizliyinin, qorxaqlağının şahidi olmaq bizi çox incitdi, amma nə yaxşı ki, dost, qardaş ölkələrin bir çoxu etimadı yüksək səviyyədə doğrultdu və bizi qələbəyə ilhamlandırdı. Hətta ummadığımız yerdən aldığımız dəstəklər gücümüzə güc qatdı. Və….

BİR MİLLƏT, İKİ ÜRƏK – AZƏRBAYCAN-TÜRKİYƏ DÖYÜŞ MEYDANINDA DA….

Torpaqlarını azad etməsi üçün Azərbaycana ən böyük dəstəy verdi. Türkiyə tərəfi Prezident, XİN başçısı, Milli Müdafiə naziri, Milli İstikbarat Təşkilatı – bütün səviyyələrdə qələbə gününədək Azərbaycanla birlikdə oldu və müharibədən sonrakı proseslərdə də Azərbaycanın yanındadır. Hətta belə demək mümkündürsə, Türkiyə torpaqlarımızı geri almaqda Azərbaycanla birlikdə mübarizə apardı. Dünyada heç bir iki dövlət tapılmaz ki, bir-birinə siyasi və iqtisadi maraqdan dolayısı deyil, sırf qardaş olduqları üçün belə dəstək versin. "Bir millət, iki dövlət" meydanda da özünü açıq şəkildə göstərdi və göstərməkdədir. Pakistan, Əfqanıstan, ŞKTC, Bosniya və Hersoqovina, qonşu Gürcüstan, Ukrayna, İsrail, Macarıstan, Moldova, İran, qismən dəstək verən ölkələrdən Malayziya, Mərakeş, Səudiyyə Ərəbistanı, Özbəkistan, Qətər, Qazaxıstan, İndoneziya, Misir Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək olmaqla dost ölkə olduqlarını, istənilən separatçılıq və ya silahlı üsyan addımlarını qınadığını bildiriblər.

Böyük quruculuq işlərinə dost ölkələrin təşviq olunması siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə Qarabağın bərpası məsələsinə toxunarkən, bu işə müharibə dövründə, habelə savaşdan sonrakı mərhələdə Azərbaycanı fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanılacağını bildirib.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən, bu barədə deyib: "Azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirəm. Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər. Buna görə də fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək".

Prezident İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən də bu barədə fikirlərini bir daha xatırladaraq, işğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanların mövcudluğunu, torpaqların güclü potensiala malik olduğunu vurğulayıb: "Həmin ərazilər tamamilə viran qoyulub və yəqin ki, siz də həmin videomateriallarla tanışsınız. Oralar darmadağın edilib və biz həmin əraziləri sıfırdan yenidən qurmalıyıq. Söhbət Azərbaycanın böyük bir hissəsi – 10 min kvadratkilometrdən artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik. Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik. Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq".

Bu fikrin bariz ifadəsi olaraq, bir müddət bundan əvvəl bir sıra dost ölkələrin şirkətləri ilə ölkəmizin özəl qurumları tərəfindən magistral və dəmir yollarının çəkilişi, infrastruktur layihələrinin birgə həyata keçirilməsi prosesinə başlanılıb.

Bu gün bərpa prosesində Türkiyə şirkətlərinin fəaliyyəti daha çox diqqət çəkir. Qardaş ölkənin "Kolin İnşaat" özəl qurumu Füzuli-Şuşa magistral avtomobil yolu layihəsində iştirak edir. Qarabağın bərpasında xüsusi yer alan Macarıstan şirkətləri də kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensialın olduğunu nəzərə alaraq, azad olunmuş ərazilərdə aqrar sektorun inkişafında və "ağıllı" kənd və şəhərlərin salınmasında bu dövlətin imkanlarından bəhrələnməyi nəzərdə tutur. Yeri gəlmişkən, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan–Macarıstan işgüzar görüşündə çıxış edərkən bildirib ki, "Eximbank" tərəfindən bu ölkənin 7 şirkətinə Qarabağda quruculuq işlərinin aparılmasına 100 milyon ABŞ dolları məbləğində kredit xətti açılıb.

Xatırladaq ki, dost ölkə olan Macarıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə daha da güclənib. Təkcə 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmində 9 faiz, o cümlədən idxalda 8 faiz, ixracda isə 60 faiz artım qeydə alınıb. Qarşılıqlı maraq və səylər nəticəsində, həmçinin mövcud olan potensiala uyğun şəkildə əlaqələrin qarşıdakı dövrdə daha geniş miqyas alacağı proqnozlaşdırılır. Xidmət, nəqliyyat, ticarət, kənd təsərrüfatı, təmir-tikinti və s. sahələr üzrə Azərbaycanda hazırda 19 macar şirkəti uğurla fəaliyyət göstərir.

Sadalananlar isə Azərbaycanın dünya miqyasında nüfuzunu artırmaqla yanaşı, həm də ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizi məhz Azərbaycanda formalaşıb. Respublikamız iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə, dünya ölkələri arasında öncül yerlərdən birini tutub. Beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın potensial maliyyə və iqtisadi imkanları yüksək qiymətləndirilib.

"BİZ, HEÇ ŞÜBHƏSİZ, BÜTÜN ŞƏHƏRLƏRİ BƏRPA EDƏCƏYİK, QARABAĞI DİRÇƏLDƏCƏYİK VƏ ONU DÜNYANIN ƏN İNKİŞAF ETMİŞ REGİONLARINDAN BİRİNƏ ÇEVİRƏCƏYİK"

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı infrastruktur layihələri üzrə proseslərin başlandığını qeyd edərək bildirib ki, bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik: "Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik".

Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır.

Beləliklə, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanları bütün region üçün faydalıdır. Tərəfdaş ölkələrin bu imkanlardan istifadə etməsi isə ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq.

RƏFİQƏ HÜSEYNOVA