Heydər Əliyev Beynəlxalq Aeroportu 80-dən çox istiqamətə səyahət imkanı təqdim edir

20 Sentyabr 2024 15:16 (UTC+04:00)

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə payız aylarında 80-dən çox istiqamətə səyahət imkanı təqdim edir. SİA xəbər verir ki, hava limanından 18 aşağıbüdcəli olmaqla, 38 xarici aviaşirkət vasitəsilə dünyanın bir çox məşhur şəhərlərinə birbaşa uçuşlar həyata keçirilir.

Payızın mədəni və tarixi gözəlliklərini yaşamaq istəyənlər üçün Avropanın əsas turizm məkanları - Paris, Roma, Milan, Vyana, London, Barselona, Frankfurt, Berlin, Praqa, Budapeşt, Riqa və digər şəhərlərə reyslər təklif olunur.

İsti günlərdən zövq almaq istəyənlər üçün Dubay, Əbu-Dabi, Şarja və Şarm əl-Şeyx kimi məşhur dənizkənarı kurort şəhərlərinə uçuşlar həyata keçirilir. Asiya mədəniyyəti və təbiətini araşdırmaq arzusunda olan sərnişinlər isə Pekin, Urumçi, İslamabad, Kəraçi, Lahor, Dehli və Mumbay kimi maraqlı istiqamətlərə səyahət edə bilərlər.

Bundan əlavə, Bakı aeroportundan bu payız mövsümündə də İstanbul, Ankara, İzmir, Trabzon, Almatı, Astana, Daşkənd, Moskva, Sankt-Peterburq, Tbilisi və digər populyar şəhərlərə uçuşlar yerinə yetirilməkdə davam edəcək. Bu istiqamətlər həm turizm, həm də işgüzar səfərlər üçün geniş imkanlar təqdim edir.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin komfortunu təmin etmək məqsədilə müasir xidmətlər, o cümlədən rahat bağlantılar və geniş marşrut şəbəkəsi təqdim edir. Sərnişinlərə səyahət planlarını öncədən quraraq, aviabiletləri müvafiq aviaşirkətlərin rəsmi saytlarından əvvəlcədən bron etmələri tövsiyə olunur. Bu, həm biletlərin əlçatanlığını təmin edəcək, həm də daha sərfəli qiymətlərdən faydalanmağa imkan yaradacaq.