Şərqşünaslıq İnstitutunda Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

20 Sentyabr 2024 15:12 (UTC+04:00)

Sentyabrın 20-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən bu elmi müəssisənin direktoru akademik Gövhər Baxşəliyeva 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu və şanlı tariximizə ən parlaq səhifələr yazıldığını diqqətə çatdırıb.

Akademik G.Baxşəliyeva Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəyini vurğulayıb.

Tədbirdə, həmçinin institutun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü, elmi işçilərdən dosent Sübhan Talıblı və Samid Bağırov çıxış ediblər.

Çıxışlarda ötən il sentyabrın 19-20-də torpaqlarımızın işğaldan tam azad edildiyi, bu şanlı Qələbədə gənc nəslin, igid əsgərlərimizin böyük rolu olduğu diqqətə çatdırılıb. Tədbirdə institut əməkdaşlarının həm Vətən müharibəsi dövründə, həm də lokal xarakterli antiterror tədbirləri zamanı bir sıra ölkələrin ərəb və fars dillərində olan telekanallarına müsahibələr verərək həqiqətləri dünya ictimaiyyətinə çatdırması barədə də danışılıb.