“Prezident İlham Əliyevin xalqımız və dövlətimiz üçün tarixi önəm daşıyan bu şərəfli günlərdə azad Qarabağımıza səfəri, açılış və təməlqoyma mərasimlərində iştirakı, bərpa-quruculuq işləri ilə tanış olması bütün dünyaya sözlə deyil, əməllə ifadə olunan bir mesajdır: Azərbaycan xalqı qurucudur, yaradıcıdır, vətənpərvər və insansevərdir, Azərbaycan dövləti güclü və qüdrətlidir, hədəflərinə doğru bütün ədalətsizliklərə baxmayaraq, inamla, qətiyyətlə irəliləməyi bacarır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Deputat bildirib ki, Prezidentin səfəri çərçivəsində baş tutan açılış, təməlqoyma mərasimlərinin hər biri ayrı-ayrılıqda böyük anlam kəsb edir. Məsələn, “İmarət” stadionun təməlinin qoyulması və İmarət Kompleksinin bərpadan sonra açılışı işğalçıların xarabalığa çevirdikləri Ağdamın öz tarixi kökləri və ənənələri üzərindən yenidən dirçəldilməsi deməkdir. Nəzərə alsaq ki, bütün bəşəri və insani dəyərlərdən, mərhəmət hissindən uzaq olan işğalçı vandalların “mina tarlası”na çevirdikləri “İmarət” stadionunun və İmarət Kompleksinin ərazisinin bu qədər qısa bir zamanda minalardan təmizlənməsi və hətta burada bərpa işlərinin həyata keçirilməsi dövlətimizin gücünü, iradəsini, qətiyyətini nümayiş etdirməklə yanaşı, həm də xalqımızın Vətən sevgisinin qarşısında bütün maneələrin gücsüz olduğunu göstərir.
İşğaldan azad etdiyimiz digər ərazilərimizdə olduğu kimi, Ağdamda da quruculuq-bərpa işləri vahid və gələcəyə hesablanmış strategiya əsasında həyata keçirilir. Məşğulluğun təmin edilməsi üçün sənaye, emal müəssisələri inşa edilir, iqtisadi fəallığın əsasını təşkil edən yollar çəkilir, qədim yaşayış məntəqələrimiz bərpa olunur. Və bütün bu işlər o qədər sürətlə, yüksək keyfiyyətlə, həm də demək olar ki, heç bir kənar dəstək olmadan gerçəkləşdirilir. Bu qədər nəhəng işləri həyata keçirmək üçün təkcə iqtisadi güc, potensial yetərli deyil. Prezident İlham Əliyevin vahid strategiyasi və milli siyasəti əsasında işğaldan azad etdiyimiz ərazilərdə görülən işlər, zənnimcə, Azərbaycana olan nəhayətsiz sevginin təcəssümüdür”.