Bakıda Rusiya universitetlərinin təhsil sərgisi keçirilir - FOTOLAR

20 Sentyabr 2024 14:44 (UTC+04:00)

Bakıdakı Rus evində Rusiyanın 25 ali təhsil müəssisəsinin iştirakı ilə təhsil sərgisi açılıb. SİA xəbər verir ki, sentyabrın 21-dək davam edəcək sərgidə Rusiya universitetlərinin nümayəndələri öz resurs imkanlarını nümayiş etdirir, təhsil proqramları və layihələrinin perspektivləri və üstünlükləri barədə məlumat verir, həmçinin universitetlərə qəbul və sənədlərin təqdim edilməsi prosedurunu izah edirlər.

Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov, Belqorod Dövlət Milli Tədqiqat Universitetinin rektoru Yevgeniya Karlovskaya, “Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər” İctimai Birliyinin nümayəndəsi Natiq Əhmədov, V.N.Tatişev adına Həştərxan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Angelina Fadina, həmçinin M.Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin gənclər siyasəti və beynəlxalq əlaqələr üzrə prorektoru Radika Yulbayeva çıxış ediblər.

Yüzlərlə məktəbli və tələbə Rusiya hökumətinin kvotası üzrə qəbul şərtləri, tədris prosesinin təşkili, eləcə də təhsil müəssisələrinin proqramları ilə tanış olub, onları maraqlandıran suallara cavab alıb.

Bununla yanaşı, tədbir çərçivəsində Rusiya və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə faşizm üzərində qələbənin qarşıdan gələn 80 illiyi ilə bağlı dəyirmi masa keçirilib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşünün yekunlarına dair yaradılan işçi qrupu bu əlamətdar tarixin 2025-ci ildə birlikdə qeyd olunması barədə qərar qəbul edib.