Yüksək göstəricilərlə ADPU-nu seçən tələbələr mükafatlandırılıblar - FOTOLAR

20 Sentyabr 2024 14:29 (UTC+04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 600-dən yüksək balla ADPU-nu seçmiş, həmçinin idman sahəsindəki uğurlarına görə müsabiqədənkənar qaydada universitetə qəbul olmuş tələbələrlə görüş keçirilib. SİA xəbər verir ki, görüşdə çıxış edən rektor Cəfər Cəfərov qəbul imtahanlarında yüksək nəticələr göstərmiş tələbələrin təhsil sahəsində yeni uğurlar qazanacaqlarına, peşəkar müəllim olaraq təhsilin inkişafına töhfə verəcəklərinə inandığını söyləyib.

Beynəlxalq idman yarışlarında ölkəmizi uğurla təmsil edən tələbələrə təşəkkürünü bildirən rektor onların ölkəmizin bayrağını daha yüksək zirvələrdə dalğalandırmalarını arzulayıb, həmçinin gələcəyin müəllimləri olaraq bacarıq və təcrübələri ilə sağlam gəncliyin yetişməsində faydalı işlər görəcəklərinə əmin olduğunu qeyd edib.

Daha sonra Pedaqoji Universitet adından tələbələrə hədiyyələr təqdim edilib. 600-dən yüksək bal toplayan tələbələrin hər birinə qəbul imtahanlarında topladıqları bal miqdarında, müsabiqədənkənar qaydada qəbul olunmuş tələbələrə isə müəyyən olunmuş məbləğdə maddi mükafat, həmçinin bütün tələbələrə universitetin xatirə hədiyyələri verilib.

Valideynlər göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tələbələr bundan sonrakı uğurlarının daha böyük olacağına, Pedaqoji Universitetdə müəllimlik ixtisasının sirlərinə yiyələnərək gələcəyin qurucularını yetişdirəcək peşəkarlar kimi formalaşacaqlarına əminliklərini ifadə ediblər.