Portuqaliyada milli matəm elan edilib

20 Sentyabr 2024 14:00 (UTC+04:00)

Sentyabrın 14-dən bəri davam edən və 7 nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə əlaqədar Portuqaliyada milli matəm elan edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkə tarixinin ən böyük meşə yanğınlarından birini yaşayan Portuqaliyada indiyə qədər yanan ərazinin paytaxt Lissabonun 10 qatı böyüklüyünə bərabər olduğu bildirilir.

Xüsusilə ölkənin şimal bölgəsini əhatə edən və 120 min hektardan çox meşə sahəsini məhv edən yanğınlar həm müdaxilələr, həm də yağışların başlaması ilə nəzarət altına alınıb. Sentyabrın 17-də yanğınlarla əlaqədar fəlakət vəziyyəti elan edilən Portuqaliyada bu gün milli matəm elan edilib. Ölkədə matəmlə əlaqədar bayraqlar yarıya qədər endirilib. 7 nəfərin həyatını itirdiyi, 160-a yaxın insanın yaralandığı yanğınlarla bağlı aparılan araşdırmalarda indiyədək 5 nəfərin saxlanıldığı açıqlanıb.

Ölkənin şimal yaşayış məntəqələrində Averio, Vila Real, Braqa, Viseu və Koimbra kimi bəzi kəndləri tamamilə məhv edən yanğınlar nəticəsində yüzlərlə insanın evsiz qaldığı, minlərlə avtomobilin külə döndüyü bildirilib. Portuqaliyanın Milli Fövqəladə Hallar və Mülki Müdafiə Agentliyi yanğınların 30-a yaxın yerdə davam etməsinə baxmayaraq, hələ də nəzarət altında olduğunu açıqlayıb.