Lokal antiterror tədbirləri tarixi missiyadır

20 Sentyabr 2024 13:28 (UTC+04:00)

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu bir sıra tarixi Zəfərlərə imza atıb. 2020-ci ilin sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində şanlı ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində Ağdam, Laçın və Kəlbəcər şəhərləri bir güllə atılmadan Azərbaycana qaytarıldı.

Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, qarşı tərəf danışıqlardan boyun qaçırır, ölkəmizin suveren ərazilərində silahlı təxribatlar törədirdilər. 2021-ci ilin noyabr ayında sərhəddə birinci silahlı toqquşma baş verdi. 2022-ci ilin sentyabr ayında isə müharibədən sonra ən qanlı toqquşma oldu. 2023-cü ilin mart ayında Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri və buradakı separatçılara məxsus qanunsuz hərbi dəstələr Şuşa istiqamətində hərbi təxribatlar törətdilər.

2020-ci il 10 noyabr üçtərəfli Bəyanata əsasən Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxarmalı, separatçılara məxsus silahlı dəstələr tərk-silah olunmalı idi. Lakin Ermənistan buna əməl etmirdi, əksinə Qarabağdakı hərbi birləşmələrini silahlandırır, zirehli texnikalarla təchiz edirdi. Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və onun xaricdəki havadarlarına müraciət edərək ermənilərin qanunsuz əməllərinə son qoyulmasını tələb edirdi. Ermənistan və Qarabağdakı separatçılar silahlı təxribatlar törətməklə yanaşı, Qarabağdakı təbii sərvətlərimizi də qanunsuz olaraq talayırdılar. 2023-cü ilin aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsidir.

Dövlətimizin başçısı azərbaycanlılarla ermənilərin birgə yaşayışının təmin ediləcəyi barədə humanitar təklif irəli sürmüş, ikitərəfli danışıqların münasibətlərin normallaşmasına böyük töhfə verə biləcəyini vurğulamışdı. Lakin Ermənistan və Qarabağdakı separatçılar bu təklifi düzgün qiymətləndirmədilər. Qarabağda separatçılar özlərinin oyuncaq “prezident”ini seçdilər, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar səsləndirdilər.

2023-cü ilin 19 sentyabr tarixində erməni silahlı dəstələri Azərbaycanın Qarabağ bölgəsində bir sıra geniş miqyaslı hərbi təxribatlar törətdilər. Təxribatlar nəticəsində azərbaycanlı mülki şəxslər və hərbi qulluqçular şəhid oldular və yaralandılar. Bütün bu təxribatların qarşısının alınması və Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa olunması üçün ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Sentyabrın 19-da başlayan və cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatları nəticəsində ermənilər ağ bayraq qaldırdılar və təslim oldular. Azərbaycan Ordusu ermənilərin bütün hərbi istehkamlarını, texnikalarını təmamilə məhv etdi. Antiterror tədbirləri zamanı qəhrəman ordumuz böyük peşəkarlıq nümayiş etdirdi. Heç bir erməni sakininə və mülki obyektlərə zərər yetirilmədi.

Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şaxramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə Qarabağda separatizmin kökü kəsildi və Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Hazırda Xocalıda, Xankəndidə və işğaldan azad edilmiş digər rayonlarda Azərbaycan bayrağı qürurla dalğalanır. yap.org.az