Yaxın Şərqdə qılınclar çəkildi

20 Sentyabr 2024 12:50 (UTC+04:00)

Livandakı partlayışlardan sonra açıqlama verən Hizbullah lideri Nəsrullah son 48 saatda baş verən hücumların müharibə elanı olduğunu bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail və Qəzza qırğınlarından sonra Yaxın Şərqdə aktivlik davam edir. İşğalçı İsrail indi gözünü Livana dikib. Kiberhücumlar dünya ictimai rəyində geniş əks-səda doğursa da Hizbullah liderindən yeni müharibə bəyanatı gəlib.

Nəsrullah bildirib ki, İsrail koordinasiyalı hücumlar həyata keçirməklə bütün qırmızı xətləri keçib. Hücumların bəzilərinin xəstəxanalar, apteklər, bazarlar, ticarət dükanları və hətta iqamətgahlar, şəxsi avtomobillər və ictimai yollarda, o cümlədən minlərlə mülki vətəndaşın, o cümlədən qadın və uşaqların olduğu ictimai yollarda həyata keçirildiyini əlavə edən Nəsrullah, İsrailin hücuma 4 min peycerdən istifadə edərək başladığını vurğulayıb.

Nəsrullah hücumları “terror aktı” və “qırğın” kimi dəyərləndirib və bu hücumların Livan xalqına və ölkənin suverenliyinə qarşı bir hərəkət və müharibə elanı olduğunu da vurğulayıb.

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Yaxın Şərqdəki vəziyyəti qiymətləndirmək üçün ABŞ, Fransa, İngiltərə və Almaniya ilə təcili toplantı keçirməyə qərar verdiklərini açıqlayıb.