"Boris" fırtınası İtaliyanı vurdu

20 Sentyabr 2024 12:46 (UTC+04:00)

Mərkəzi Avropada azı 24 nəfərin ölümünə səbəb olan "Boris" qasırğası İtaliyaya çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın şimalında güclü yağışların daşqın və torpaq sürüşməsinə çevrilməsi nəticəsində minə yaxın insan evlərindən təxliyə edilib.

İtaliya yanğınsöndürmə briqadasından verilən açıqlamada 2 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Əlverişsiz hava şəraiti ilə əlaqədar Bolonya, Çesena, Forli, Rimini və Ravenna şəhərlərindəki məktəblərdə bu gün tədris dayandırılıb. Rayonda 5 dəmir yolu xəttində də nəqliyyat dayandırılıb.

Baş nazirlik Mülki Müdafiə İdarəsi də bu gün və sabah həddindən artıq yağışın ola biləcəyi səbəbi ilə Emilia-Romaqna bölgəsi üçün "qırmızı" xəbərdarlıq edib.