"Sentyabrın 20-si bizim üçün çox tarixi, əziz gün, bayramdır" - ŞƏRH EDİLDİ

20 Sentyabr 2024 11:43 (UTC+04:00)

"Keçən il Azərbaycan ordusu antiterror əməliyyatı keçirdi. 23 saat 43 dəqiqə ərzində Qarabağda olan erməni silahlı dəstələrini məğlub etdi və onlar ağ bayraq qaldırmağa məcbur oldular". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, həmin gündən də Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə olan erməni silahlı qüvvələri ağ bayraq qaldırdılar, Azərbaycan ərazisini tərk edib silahları təhvil verdilər: "Onlardan götürülən qənimət silahlar Azərbaycanın Qənimətlər parkında nümayiş olunur. Doğurdan da, çox böyük tarixi hadisədir. Ona görə də Azərbaycan Prezidenti Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri Günü haqqında sərəncam verdi. Eyni zamanda bu gün həm də Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycanın Suverenliyi Günüdür. Bu gün müqəddəs gündür.

Yenə də həmin rayonların azad edilməsi və Qarabağda erməni faşistlərinin ayağının kəsilməsi günüdür. Bu gün həm də "Əsrin müqaviləsi"nin bağlanmasından 30 il keçir. Sentyabrın 20-si bizim üçün çox tarixi, əziz gün, bayramdır. Ona görə bu bayram münasibətilə bütövlükdə xalqımızı, qardaş-bacılarımızı ürəkdən təbrik edirəm. Azərbaycanın müzəffər Ali Baş Komandanının rəhbərliyi altında yeni-yeni uğurlar, Qarabağda, həmin ərazilərdə yeni xariqələr yaradılır. İnşallah tezliklə o rayon, şəhərlərin hər birində insanlarımız yaşayacaq. Köçən soydaşlarımızın hamısı orada şad-xürrəm yaşayacaqlar. Bizim üçün çox böyük tarixi əhəmiyyət daşıyır".