Çindən Avropaya və əks istiqamətə yük axınlarında artım proqnozlaşdırılır - SƏDR

20 Sentyabr 2024 11:06 (UTC+04:00)

Qlobal logistika bazarlarının dinamikası dəyişir, Çindən Avropaya, əks istiqamətə yük axınlarında artımın olduğu və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır. SİA xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmir yolu administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

Onun sözlərinə görə, son illərdə qlobal miqyasda dəmir yolu ilə yükdaşımalarında illik təxminən 5 faizlik artım qeydə alınır və bu artımın davam edəcəyi proqnozlaşdırılır.

“Hesablamalara görə, illik dəyəri 300 milyard dollara yaxınlaşan qlobal dəmir yolu ilə yük daşımaları bazarının ildən-ilə böyüyəcəyi gözlənilir. Müxtəlif araşdırma qruplarının ən optimistik proqnozlarında dəmir yolu ilə yük daşıma trafikinin, yəni ton-kilometr dövriyyəsinin 2025-ci ilədək 12 trilyon ton-kilometrədək, 2050-ci ilədək isə 28 trilyon ton-kilometrədək artacağı bildirilib”, - deyə o qeyd edib.