"Maliyyə dayanıqlılığımızı bərqərar etmişik" - MÜNASİBƏT BİLDİRİLDİ

20 Sentyabr 2024 11:02 (UTC+04:00)

"Dünən "Əsrin müqaviləsi"nin 30 illiyi idi. Biz o gün bir araya dünyanın ən mötəbər karbohidrogen ehtiyatlarının hasilatı ilə məşğul olan şirkətləri dəvət edə bildik". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.

O bildirib ki, zəngin təbii sərvət çox ölkədə ola bilər: "Bizim şimal qonşumuzda da zəngin təbii sərvət var, amma xarici siyasətinin axsadığı dövrdə onu normal şəkildə sata bilmir, dövriyyəyə cəlb edə bilmir. Yaxud da, cənub qonşumuzun da zəngin təbii sərvətləri var. Zəngin təbii sərvət deyəndə biz təkcə karbohidrogen ehtiyatlarını, yəni nefti nəzərdə tutmamalıyıq. Misal üçün Əfqanıstan regionun ən zəngin dağ-mədən, filiz mineralları ilə zəngindir. Ancaq ölkədəki müəyyən problemlər nəticəsində illər boyu onları iqtisadi dövriyyəyə cəlb edə bilmirlər. Belə misallar çoxdur. Ancaq Azərbaycan 1994-cü ildə birbaşa torpaqlarının 20%-ə qədəri yenicə işğal olduğu dövrdə, atəşkəsin tam əldə olunmadığı dövrdə imzalanan bu müqavilə ilə bir daha müdrik xarici siyasətini nümayiş etdirdi. Müdrik xarici siyasətlə bu şirkətləri dəvət etmək, imza almaq olar. İmza ilə də iş bitmir. Kifayət qədər xarici şirkətlərin investisiyası qoyulmalı idi. O investisiyalar da riskli idi. Ona görə ki, hələ yenicə müstəqillik əldə etmişdik, Şimalda Rusiya kimi qonşumuz hələ nə dərəcədə bunu qəbul edəcəkdi? Əslində bilirdik, necə qəbul edəcək. Çox rişxəndlə qəbul etdiyi bir vəziyyətdə daxildə də kifayət qədər qüvvələr var idi ki, ölkəni parçalamağa hazır idilər. Bu mühitdə şirkətləri dəvət etmək, "Əsrin müqaviləsi"ni imzalamaq böyük nailiyyət idi. Nəticəsi də göz qabağındadır. Bütün zəngin təbii sərvətimizi iqtisadi dövriyyəyə cəlb etdik, investisiya tələb edən ölkələrdən müəyyən dövrdən sonra investor dövlətə çevrildik".

"Bu müqavilənin əsasında Bakı-Tbilisi-Ceyhan kəmərini həyata keçirdik. Daha sonra Bakı-Tbilisi-Qars dəmir yolunu həyata keçirdik. Hamısı törəmə layihələr idi. Nəhayət, Bakı-Tbilisi-Ərzurum kimi xətti çəkdik. Qaz kəməri Anadoluya çevrildi. Beləliklə də, bu gün nəticə etibarilə Avropanın enerji təhlükəsizliyi proqramında iştirak edirik. İqtisadçı, maliyyə dayanıqlılığımızı bərqərar etmişik. Digər sahələrdə də, ordu quruculuğu və sair buradan gələn gəlirlər hesabına əldə olunub.

30 il öncə imzaladığımız müqavilənin bu gün nəticəsi bunlardır. Bu 30 il ərzində xarici əməliyyat şirkətləri Azərbaycanda kifayət qədər neft sənayesi üzrə mütəxəssislər yetişdirdi. Bu dövr ərzində Azərbaycanda neftin hasilatı ilə məşğul olan kadrlar arasında kifayət qədər mühəndis, rəhbər mühəndis kadrlarımız yetişdi və əksəriyyəti də xarici ölkələrdə çox uğurla işlərini davam etdirirlər. Bu gün bizim üçün çox müqəddəsdir. Hesab edirəm ki, bu gün milli iqtisadiyyatın eyni zamanda dirçəliş günüdür. Dirçəliş gününə start verilən gündür" - deyə o, əlavə edib.