“Dövlət Suverenliyi Gününün təsis edilməsi düşmənə mesajdır” - MÜNASİBƏT BİLDİRİLDİ

20 Sentyabr 2024 10:40 (UTC+04:00)

“Dövlət Suverenliyi Günü yeni tarixi günlərdən biridir. Bundan sonra hər il Azərbaycan xalqı 20 sentyabr tarixində Dövlət Suverenliyi Gününü qeyd edəcək. Cənab Prezident İlham Əliyev tərəfindən Qarabağda Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalanması kifayət qədər böyük tarixi əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Azərbaycan torpaqlarının heç bir qarışında separatçılar mövcud deyil. Təbii ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı dirçəltməyə davam edir. Artıq Xankəndi şəhərində Qarabağ Universiteti də fəaliyyətə başlayıb. Bütün bu konteksdə tarixi günlər biri-birinə qarışıb. 20 sentyabr həm “Əsrin Müqaviləsi”nin imzalanmasının 30 ili tamam olur, həm də Qarabağda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günlərinin təsis edilməsi haqqında 20 sentyabrda cənab Prezident tərəfindən öncədən sərəncam imzalanıb.

Eyni zamanda 20 sentyabr artıq Dövlət Suverenliyi Günü kimi simvolik anlamda da kifayət qədər mühüm önəm daşıyır. Xüsusilə Dövlət Suverenliyi Gününün təsis edilməsi həm dosta, həm də düşmənə bir mesajdır. Dostlarımız Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpa edilməsinə sevinir, düşmənlərimizə isə bir də heç zaman Azərbaycan ərazilərində separatçılıq meyarlarının olmayacağı ilə bağlı mesajdır”.