Tələbələr niyə universitetə buraxılmır? - EKSPERT TƏNQİD ETDİ

20 Sentyabr 2024 10:27 (UTC+04:00)

Bir sıra universitetlərdə hələ də şagirdlərə tələbə bileti verilməyib. Belə ki, onlara müvəqqəti vəsiqənin şəklini çəkərək qapıda mühafizəçilərə göstərmək tapşırılır. O zaman bu qənaətə gəlinir ki, telefonu olmayıb bu şəkli göstərə bilməyən tələbə dərsdən haqsız səbəblərə görə qayıb almalıdır? Bu nə dərəcədə doğrudur? Niyə biletlər vaxtında hazırlanmır? SİA mövzu ilə bağlı elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurinin fikirlərini öyrənib.

Onun sözlərinə görə, hər il yeni tədris ilinin başlanğıcında ali məktəblərdə bu problem yaşanır: “Biz sosial media resurslarında, böyük səhifələrdə və universitetlərin öz səhifələrində bununla bağlı məsələlərə toxunulduğunu görürük. Xüsusən də əsasən problematik istiqamətli qeydləri oxumuş oluruq.

Anlamaq çətindir. Bu nə böyük bir problemdir ki, hər il müxtəlif universitetlərdə, xüsusən də paytaxt ərazisində yerləşən əsas universitetlərimizdə tələbələr eyni problemi yaşamış olur?! Bu il 55 min 560 gənc yeni tələbə adını qazandı. Onların təbii ki, 90 faizi paytaxtdakı universitetlərdə təhsil alır. Hər birini təbrik edirik. Yəni, hər universitetin payına biraz az, biraz çox tələbələr düşür. Təbii ki biz burada BDU, UNEC, AzMİU, ADPU, ADNSU kimi böyük tələbə kontingenti olanları bir kənara qoyuruq. Digər universitetlər var ki, onların tələbə kəsimi o qədər də böyük deyil. Həmçinin, ora daxil olan 1-ci kurs tələbələrinin sayı yəni kəskin, hətta sayılmaz. Elə bütün universitetlərimizdə, böyük universitetlərimizdə də bu hədd kəskin şəkildə qəbul oluna bilməz. Yəni o tək bu problemi həll etmək, tələbə bileti hazırlanana qədər müəyyən alternativlərə əl atmaq nə dərəcədə çətindir?!

Sizi əmin edirəm ki, burada o qədər də çətin bir şey yoxdur. Bir variantı mən deyirəm. Hər universitetin daxilində hər fakültə 1-ci kurs tələbələrinin bəlli siyahısını mühafizəyə təqdim edir. Sonra həmin tələbələr səhər dərsə gəldikdə siyahı əsasında universitet daxilinə buraxılır, ya da buraxılmır. Yəni bu bu qədər sadədir.

Bunun xeyli vasitəsi ola bilər. İndi hər şey onlayn sistemlərlə həll olunur. Axı biz niyə bu problemi yaşayırıq? Məhz bu problem 15 il bundan əvvəl də var idi. İndi də var. Universitetlərimizdən xahiş edirəm ki, 1-ci kursun tələbələri incidilməsin. Onlar hələ tələbəliyin sevincli çağlarındadırlar. Qarşıda onları ağır akademik illər gözləyir. İndidən onları hər bir detalla yormayaq. Müxtəlif variantlar, metodlar var. Onları mən-siz deyil universitetlər özü fikirləşməlidir. Universitet təhlükəsizliyini yüksək səviyyədə qorumaq istəyirsinizsə lap əla. Biz bunu ikiəlli alqışlayırıq. Belə də lazımdır. Hər bir şəxs yoxlanılaraq universitetin binasından buraxılmalıdır. Amma bəlli sayda, 1-ci kurs tələbələrini çox da yormamaq şərtilə bu prosesdən keçirmək də mümkündür”.

Ayşən Vəli