"Cəzanın məqsədi intiqam almaq deyil, islah etməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ

20 Sentyabr 2024 10:19 (UTC+04:00)

"İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - əlli manat məbləğində cərimə edilir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, həmin Məcəllənin 212.4-cü maddəsinə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə - əlli manat məbləğində cərimə edilir: "Qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə - otuz manat məbləğində cərimə edilir.

Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə - on beş manat məbləğində cərimə edilir. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə - otuz manat məbləğində cərimə edilir. Bu maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Cəzanın məqsədi intiqam almaq deyil, islah etməkdir. Təbii ki, cərimələr hüquq pozuntularının qarşısının alınmasında effektiv təsir metodudur və dövlətin güc mexanizmi ilə dəstəklənir".