DGK Tibbi Xidmət İdarəsinin və MGH-nin kollektivi təbrik ünvanladı

20 Sentyabr 2024 10:16 (UTC+04:00)

Azərbaycanda yeni əlamətdar gün təsis edilib. Prezident İlham Əliyevin Sərəncamına əsasən, hər il 20 sentyabr tarixi Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Sərəncamda bildirilir ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib. Eyni zamanda Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, insanlıq əleyhinə cinayətlər törədilib. Bu hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilib, ölkəmizin təbii sərvətləri talan olunub, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilib.
Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub”.

Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib. Müstəqillik, öz taleyinə sahib olmaq, öz dövlətini yaratmaq və inkişaf etdirmək hər bir xalq üçün ən böyük nailiyyətdir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik, dövlətçilik arzularını söndürə bilməmişdir.

Sərəncamda da qeyd edildiyi kimi, “Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi hər birinizi Azərbaycanın Dövlət suverenliyi Günü münasibətilə ürəkdən təbrik edir, Vətənimizin tərəqqisi naminə gördüyünüz işlərdə müvəffəqiyyətlər arzu edir.