"Uğurlarımızı sakit yaşamaq tövsiyə olunur" - MÜNASİBƏT BİLDİRİLDİ

20 Sentyabr 2024 10:08 (UTC+04:00)

"Bədnəzər, gözdəymə İslam tərəfindən qəbul edilir. Amma xalqın qəbul etdiyi kimi qəbul edilmir". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, İslama görə kimlərinsə özlərinin təsiri olmadan gözlərində nəsə enerji ola bilər və kiminsə sağlamlığına, işinə pis təsir göstərə bilər: "Çünki kainatda enerjilər, təsirlər yalnız fiziki aləmdə deyil, yaxud da, yalnız göründüyü qədər deyil. Qələm surəsinin sonuncu ayələri haqqında hədislərdə var ki, bunu insan oxusa, xeyli miqdarda belə bəlalardan amanda qalar.

Lakin gözmuncuğu taxmaq, bu kimi digər məsələləri İslam qəbul etmir. Bu işlərlə məşğul olanları da kafir hesab etmir, amma qəbul da etmir. İslama görə insanlar üçün şəfa olaraq göndərilmiş Qurani-Kərim, səhih hədislər əsasında həyatını qurmalıdır. Bədnəzərdən qorunmağın ən yaxşı yollarından biri isə insanın öz işlərini reklam etməməsidir. Bu, insanı paxıl gözlərdən, bədnəzərdən qoruyar. Maddi aləm, fiziki aləm belədir ki, toqquşma aləmidir. İnsanlar bir-birinə həsəd edə bilir, paxıllıq edə bilir, maneçilik törədə bilir, insanın əhval-ruhiyyəsini aşağı salıb poza bilir, insanı inkişafdan saxlaya bilir. Ona görə də, fiziki aləmdə mümkün qədər uğurları reklam etməmək tövsiyə olunur. Həm başqalarının həyatına mənfi təsir göstərməyin qarşısını almaq üçün, həm də insanın özünün amanda olması üçün vacibdir. Bizim bir uğurumuz varsa, biz onu hamıya elan ediriksə, bu, uğursuz insanlara mənfi təsir göstərəcək. Onlar öz həyatlarından şikayətlənəcəklər, bezəcəklər, ruhdan düşəcəklər. Ona görə də öz uğurlarımızı sakit yaşamaq tövsiyə olunur".