Mətbuat Şurasında türkiyəli media təmsilçiləri ilə görüş olub

19 Sentyabr 2024 19:52 (UTC+04:00)

Mətbuat Şurasında (MŞ) Anadolu Qəzetçilər Federasiyasının ölkəmizdə səfərdə olan təmsilçiləri Ömər Aydoğan, Cennet Yuzər Cankılıc, Yüksel Baysal və Necati Kartalla görüş keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Mətbuat Şurasından bildirilib ki, MŞ-nın sədri Rəşad Məcid görüşdə Azərbaycanın və Türkiyənin media qurumları arasındakı əlaqələrin intensivliyindən məmnun olduğunu vurğulayıb. O, deyib ki, hazırkı yüksək səviyyəli təmaslar hər iki ölkənin müştərək dostluq və qardaşlıq platformasındakı təmsilçiliyinin ruhuna adekvatdır.

Şuranın İdarə Heyətinin üzvləri Umud Rəhimoğlu, Vüqar Rəhimzadə, Müşfiq Ələsgərli, Azər Həsrət, Aqil Ələsgər, Hacıbəy Heydərli və Əminə Yusifqızının qatıldığı görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

Bildirilib ki, Azərbaycan və Türkiyə arasında media əlaqələrinin daha da güclənməsi günün aktual tələbidir. Görüşdə bununla bağlı fikir və təkliflər səsləndirilib, eyni zamanda, MŞ ilə Anadolu Qəzetçilər Federasiyasının mümkün birgə fəaliyyət istiqamətlərinə nəzər salınıb.