“Oqtay Eloğlu” qələbə çaldı - (Hekayə)

19 Sentyabr 2024 16:50 (UTC+04:00)

AĞALAR İDRİSOĞLU

Ülvi Kərimli uzun illər idi ki, məmləkətin ən aparıcı teatrlarından birinə rəhbərlik edirdi. Müstəqillik illərində teatrlara dövlət səviyyəsində münasibətin günü-gündən pisləşdiyindən, hətta yeni hazırlanan tamaşalara quruluş xərclərinə belə dövlətin pul ayırmamasından və xaos dövrü olduğundan, insanların güzəranının pis olmasından, tamaşaçıların da tamaşalara az gəlməsindən teatlar yavaş-yavaş çökürdü...

Bütün bunları görən və ac-yalavac olan insanlar, Sovetlər quruluşuna rəhmət oxuyurdu... Çünki onların insanlara, teatra və başqa təbliğatı işlərə münasibəti yaxşı idi. Hər il teatrlara beş-altı tamaşa hazırlamaq üçün quruluş xərcləri ayrılırdı, işçilərin əmək haqqı vaxtlı-vaxtında verilirdi və ezamiyyətə gedəndə də pul verirdilər. Amma indi teatrlar dəryanın ortasında kapitansız üzən bir gəmi idilər və sahilə salamat çıxmaq, özlərinə xoş gün yaratmaq, ailələrini dolandırmaqçün yollar arayır və tapa bilmirdilər... Başqa insanlardan fərqli olaraq, teatr işçiləri çox kövrək olduqlarından bu vəziyyəti daha ağır qarşılayırdılar...

Ülvi Kərimli də rəhbərlik etdiyi teatrı dirçəltmək, işçilərə əmək haqqından da əlavə pul verməkçün yollar fikirləşirdi. Amma uğurlu bir yol tapa bilmirdi... Çünki xaos dövrü olduğuna görə işçilərin aldığı əmək haqqı onların ailələrini dolandırmaq üçün heç on beş günə də çatmırdı. Ona görə də istedadlı aktyorlar, aktrisalar zəif seriallara çəkilmək, toylara tamada getmək, əlavə pul qazanmaq üçün tez-tez məşqlərdən icazə alır və onlara icazə verilməyəndə teatrdan işdən çıxırdılar... Bütün bunlarla bağlı Ülvi Kərimli televizorlarda, radiolarda çıxış eləyir, müsahibələr verirdi ki, dövlət səviyyəsində teatrların maddi vəziyyətini düzəltsinlər. Amma həmin çıxışlarından, müsahibələrindən sonra ona təpkilər gəlirdi və hətta yüksək rütbəli məmurlar ona kəskin iradını bildirib deyirdilər: “İndi teatr yeridi? Görürsən ki, ölkədə vəziyyət necədi... İnsanların çoxunu işlə təmin edə bilmirik. Hələ sevinin ki, sizin teatrı bağlamamışıq. Əgər belə eləsən, onda görəcəksən ki, bir neçə teatrı birləşdirdik və sən də işsiz qalacaqsan. Onsuz da “Yaş” senzin artıq yaxınlaşır...

... Teatr yenicə məzuniyyətdən qayıtmışdı. İlin axırına kimi kollektiv hələ iki tamaşa hazırlamalı idi. Buna görə teatr rəhbəri kimi Ülvi Kərimli quruluş xərclərinə də pulu haradansa tapmalıydı. İşçilər də məzuniyyətdən gəldiklərindən ayın axırına kimi gözləməli idilər ki, əmək haqqı alsınlar. Teatrda bu ay, ən ağır sayılırdı...
Ülvi Kərimli belə bir risk elədi. Kollektivi üç truppaya bölüb rayonlara qastrol səfəri təşkil elədi. Çünki sentyabrdan məhsul yığımları başlayırdı və adamların vəziyyəti bir az yaxşılaşırdı. Deməli, onlar imkan eləyib, beş-on manatından keçib tamaşalara gələ bilərdilər. Bu truppalardan birini özü götürüb, məmləkətin ən varlı rayonlarından birinə apardı. Bu qastrol səfərinə o, teatrın repertuarında olan ən yaxşı tamaşalardan birini- Cəfər Cabbarlının “Oqtay Eloğlu” tamaşasını aparmışdı. Bu tamaşa haqqında televizorlarda dəfələrlə reklamlar getmişdi. Elə teatrın öz binasında oynanılanda da ən azından zalın yarısı tamaşaçılarla dolu olurdu.

Ülvi Kərimli rayon rəhbərliyi Aydın Qulamzadə ilə görüşdü və beş gün burada tamaşa oynamaq üçün onlara şərait yaratmasını və tamaşaçıların təşkilində kömək etməsini xahiş elədi.

-Açığı mən sizə lazım olan kimi köməklik eləyə bilməyəcəm. Çünki payız əkinləri başlayır. Mənim də başım ona qarışıb. Bir də rayonda bir neçə sosial obyektlər- xəstəxanalar, məktəblər tikilir. Onlara da vaxt ayırmalıyam. Müavinimə tapşıracam, sizə köməklik eləsin. Nə imkanımız olsa köməklik eləyər. Amma sizi sevindirəcək heç bir vəd vermirəm...

Özündən çox razı İcra başçısı Aydın Qulamzadənin bu sözləri, respublikanın tanınmış rejissorlarından, teatr rəhbərlərindən biri olan Ülvi Kərimliyə pis təsir elədi. Yadına saldı bu İcra Hakimiyyətinin başçısı ilə bağlı rayon camaatı arasında gəzən ayamanı və öz-özünə dedi: “Deməli, rayon camaatı ona düzgün ad qoyublar. Eşşək Aydın”.

- Cənab başçı. Heç olmasa mehmanxana xərclərinə köməklik edin. Truppada cəmi on beş nəfərik. İnanın, teatrın kollektivini bura gətirəndə borca pul götürmüşük. Çünki məzuniyyətdən yenicə qayıtmışıq. Ölkə başçısı da deyir ki, məmurlar teatrlara kömək etməlidir... Axı həqiqətən də teatrı, incəsənəti, ədəbiyyatı xalq yaşatmalıdır. Dünyanın bütün aparıcı ölklərində belədi.

- Birincisi biz hələ aparıcı ölkə deyilik. Rus müstəmləkəsindən yenicə qurtulmuşuq. Xaos baş alıb gedir. İt yiyəsini tanımır... İkincisi ölkə başçısına canım da qurban. Amma mehmanxanalar da şəxsi adamlarındır. Mən onlara necə deyim ki, teatr kollektivindən pul almayın. Mənim özümün də elə bir imkanım yoxdur ki, sizə köməklik eləyim.

Əlbəttə, İcra Hakimiyyətinin başçısı yalan deyirdi. Rayondakı hər iki mehmanxana və bir neçə istirahət yerləri elə onun özünün idi. Sadəcə yaxın adamlarının adına qeydiyyatdan keçirtmişdi. Təkcə rayonda yox, Bakıda və hətta xarici ölkələrdə çoxlu şirkətləri, hotelləri, yeməkxanaları, Şadlıq evləri, istehsalat müəssisələri vardı. Onlar da yaxın adamlarının adına idi. Hətta yuxarıda oturanlardan ən aparıcılarla birləşib, rayonda narkotik bitkilər də əkdirirdi. Bununla bağlı tez-tez radikal fikirli mətbuatda yazılırdı və kabel televiziyalarında da deyilirdi...

İcra başçısı Aydın Qulamzadə Ülvi Kərimlinin əlindən yaxasını qurtarmaq, onu fakt qarşısında qoymaqçün belə bir bic siyasətə əl atdı. Amma onu da bilirdi ki, deyəcəyi təklif baş tutmayacaq və Ülvi Kərimli də məcbur olub, kollektivini götürüb, rayondan gedəcək.

-Mən sizə bir təklif eləyirəm. Bizim rayonda Kərim Qasımlı var. Sahibkardı. Məşhur iş adamıdı. Rayon camaatı ona “Karyer Kərim” deyir. Ölkədə ən bərk gedənlərdən biridir. Pulunun sayını-hesabını bilmir. Elə təkcə rayonumuzdakı obyektlərin tən yarısı onundur. Böyük daş karxanası, balıq emalı zavodu, toyuq fermaları, mal-qara sürüləri, bankları, özəl məktəbləri, kollecləri, baxçaları var. Biz ona heç nə deyə bilmirik. Çünki beli yuxarılara bağlıdır... Təklif eləyirəm ki, onunla görüşün. Düzdü çox cod adamdı. Amma siz teatr işçisisiniz. İnsan psixalogiyasını yaxşı bilirsiz. Həm də respublikada tanınan adamsız. O Kərim özü də əvvəllər həvəskar aktyor kimi rayonda hazırlanan tamaşalarda oynayıb. Amma sonra xoşbəxtlik quşu başına qonub. Yaxın dostları yuxarı vəzifələrə irəli çəkilib və burada ona lazım olan şərait yaradıblar. İndi Kərimin qabağında heç kim dayana bilmir. Siz gedib onunla görüşün. Amma onunla görüşəndə deməyin ki, mən sizi göndərmişəm. Yoxsa sonra yuxarılara deyəcək, məni danlayacaqlar...

-Neynəmək olar, - deyə Ülvi Kərimli məyus oldu. Ayağa durdu. Çünki başa düşdü ki, bu adamla söhbət etməyin mənası yoxdur. Rayon camaatı ona yaxşı ad qoyub. Axı eşşək teatrın, incəsənətin, ədəbiyyatın ülvi olduğunu anlaya bilməz. Sonra fikrini belə tamamladı: -Sağ olun ki, mənə belə təklif verdiniz, - deyib Adil Qulamzadənin kabinetindən çıxmaq istəyəndə İcra Hakimiyyəti başısının səsi eşidildi.

- Vaxt itirməyin. Onsuz da tamaşalarınız sabahdan başlayacaq. Buradan da onun əsas obyektinə, daş karaxanasına yarım saatlıq, qırx dəqiqəlik yoldur. Axşamüstü orada olur. Orada böyük park salıb. Hətta orada ceyranlar, cüyürlər, nadir quşlar saxlayır. Farel balıqlar olan gölü var. Respublikanın ən üzdə gedən adamları ora gəlir. Orada onun çox yaraşıqlı Qonaq evi də var...

Ülvi Kərimli, İcra Hakimyyətinin başçısı Aydınla xudafisləşib, binadan çıxdı. Teatr avtobusunun sürücüsü Mətləb, bu bölgədən idi və bu yerləri yaxşı tanıyırdı.

Ülvi Kərimli teatrın avtobusuna minib dedi:

-Mətləb. Kərim Qasımlının obyektinə gedəcəyik.

Mətləb, Kərim Qasımlı haqqında çox eşitmişdi. Cod, yonulmamış adam olduğu haqqında da ona qəzet redaktoru olan bacanağı danışmışdı. Onu da eşitmişdi ki, bir neçə dəfə onun haqqında tənqidi yazılar yazan jurnalistləri döydürmüşdü. Hətta onun bacanağını da döydürmüşdü. Bir neçə jurnalisti də həbs etdirmişdi.
-Ülvi müəllim. İcra Hakimiyyətinin başçısı sizi başından eləyib. Kərim Qasımlı Aydından da cod, yonulmamış adamdır. Qorxuram ki, o, sizi təhqir eləyib, yola salsın. Sonra məcbur olub, şeylərimizi yığıb, bu rayondan getməli olacağıq. Çünki tamaşaçıları öz xoşuna tamaşaya gətirmək çətin olacaq. Heç mehmanxananın pulunu belə verə bilməyəcəyik...

-Mətləb. Biz üç yüz kilometr yolu qət edib, bura gəlmişik. Buradan əli ətəyindən uzun geri qayıtmaq istəmirəm. Özün bilirsən ki, mən istədiyimi eləmək üçün dəridən-qabıqdan çıxmağı bacarıram. Qırx illik teatr təcrübəsi və onun da otuz ilini teatra rəhbərlik etmək, istəsəm də-istəməsəm də bunu mənə məcbur elətdirib...

Mətləb daha heç nə demədi. Çünki iyirmi il idi ki, teatrda işləyirdi və bilirdi ki, Ülvi müəllimi öz fikirindən döndərmək olmaz. O, özünün dediyi kimi xasiyyətcə sanqvinikdi və risk eləməyi çox xoşlayır...

-Mətləb. Sən bilirsən ki, mən bürclərə və Allaha inanan adamam. Bu gün mənim bürcüm, balıqlar bürcü haqqında yaxşı yazılıb. Deməli, işlərimiz Allahın köməkliyilə həll olunacaq.

-Müəllim. Mənim bacanağım qəzet redaktorudur. Deyir ki, qəzet çapdam çıxanda və bütün yazılar hazır olandan sonra işçilər bir yerə yığışırıq, bürclərlə bağlı kimin ağlına nə gəlirsə deyir və biz də çap edirik. İndi mən bürclərə necə inanım?

- Mən, sənin o gic, reket bacanağının redaktoru olduğu qəzeti oxumuram. Yaxşı. Sür gedək Kərim Qasımlının yanına.

Onlar, teatrın avtobusunda Kərim Qasımlının Daş karxanasına gəldilər. Bura rayonun həqiqətəndə çox yaraşıqlı, dağın döşündə olan yeri idi. Ülvi Kərimlini növbətçi polislər qarşıladı. Burada ondan çox polis vardı. Hamısı da silahlı idi. O, polislərin rəhbərinə yaxınlaşdı. Bu, yekəpər, uzun bığlı bir adam idi. Sifətindən zəhər damırdı. Qalın səsi vardı. Amma danışanda sözləri uzadır və səsini bir az da qalınlaşdırmağa çalışırdı. Bu da ona qarşı bir amiranəlik yaradırdı. Elə bil ki, bu danışıq tonu ilə qarşısındakını tez susmağa və təslim olmağa məcbur edirdi. Ülvi Kərimli özünü təqdim elədi və Kərim Qasımlı ilə görüşmək istədiyini bildirdi.

-Kərim müəllim istirahət eləyir. Belə vaxtlarda heç kimi qəbul eləmir, -deyə yekəpər polis, bir az da qalın səslə dedi.

-Xahiş edirəm siz ona deyin ki, respublikanın tanınmış rejissoru Ülvi Kərimli gəlib. Onunla görüşmək istəyir.

-Mən ona heç nə deyə bilmərəm. Siz sabah səhər gələrsiniz.

-Biz bu rayona qastrola gəlmişik. Sabah da tamaşamız olacaq. Ona görə də sabah gələ bilmərəm.

-İndi mən neynəyim? Gedin tamaşanızı oynayın sonra gəlin. Dedim ki, mən ona heç nə deməyəcəm. Siz teatr işçiləri də qırsaqqız adamlarsız e... Həftə səkkiz-mən doqquz bura o qədər teatr adamları gəlir ki...
Yekəpər polis düz deyirdi. Son vaxtlar teatr işçilərinin vəziyyəti ağır olduğuna görə onlar öz ailələrini dolnadırmaq və bu xaos dövründən keçirtmək üçün imkanlı adamların, imkanlı müəssisə rəhbərlərinin yanına gedib, onlardan pul almağa məcbur olurdular. Bunun adını da öz aralarında “qamar” qoymuşdular. Bu, Ülvi Kərimlinin heysiyyatına toxunduğuna görə bütün gücünü sərf eləyirdi ki, öz işçilərinə lazım olan şərait yaratsın və onlar da başqa teatrların aktyorları kimi bu iyrənc hərəkəti etməsinlər. Hətta öz işçilərinə dönə-dönə deyirdi:

-Eşidəm-biləm kimsə hansısa müəssisə rəhbərinin yanına gedib və ondan pul dilənib, onda məndən inciməsin. Teatrın ən aparıcı aktyoru olsa belə, onu teatrda saxlamayacam. Əgər sizə pul lazımdırsa mənim yanıma gəlin. Hətta özümdə olmasa da başqasından borc alıb sizə verəcəm.
Bu vaxt daxili telefondan zəng gəldi. Yekəpər polis tez dəstəyi götürdü.

-Eşidrəm sizi Kərim müəllim... Bəli, var. Deyir ki, Bakıdan gəlib. Deyir ki, rejissordu. Ülvi Kərimli... Baş üstə. Baş üstə... Oldu. Oldu Kərim müəllim... İndi gətirərəm,- deyib dəstəyi yerinə qoydu. Yekəpər polisin sifəti birdən-birə dəyişdi. Beli büküldü. Yekə bığını sığalladı. Yaltaqcasına gülümsündü və dedi:- Deyəsən sizin bəxtiniz varmış. Sizi otağındakı daxili ekranda görüb.Vallah mən sizi tanımamışam. Kərim müəllim deyir siz böyük adamsız. Tez-tez sizi televizorda göstərirlər. Vallah mən televizora baxmıram. İşimiz çox olduğundan vaxtımız olmur. Gəlin, gedək yanına. Sizdən xahiş edirəm, yalvarıram mənim sizinlə kobud danışdığımı ona deməyin. Məni iti qovan kimi buradan qovar...

Ülvi Kərimli yekəpər polisə baxıb, başını buladı və heç nə demədi. Məgər bu ayını sözlə qandırmaq olardımı? Amma ona sevindi ki, Kərim Qasımlı ilə görüşü baş tutacaq. Deməli, onu razı salmaq və onun kollektivi ilə tamaşa təşkil eləmək qalıb, Ülvi Kərimlinin öz bacarığına. Görəsən bu imtahandan qalib çıxa biləcəkdimi?.. Doğrudur. Bu sahədə o, pərgar idi. Uzun illərin rejissorluq təcrübəsi ilə adamları öz ideyasına tabe etməyi, onları öz ardınca aparmağı yaxşı bacarırdı...

Kərim Qasımlının otağına getdiyi vaxt dahilərin, müqəddəs insanların kəlamlarından tutmuş, ən maraqlı fikirləri beynində canlandırdı Ülvi Kərimli. Və fikirləşirdi ki, söhbəti necə başlasın ki, bu söz oyununda qalib gəlsin...

Onlar liftlə üçüncü mərtəbəyə qalxdılar. Çox böyük bir qapıdan içəri keçdilər. Kərim Qasımlının kabineti çox böyük idi. Elə üçüncü mərtəbə onun və katibənin kabineti sayılırdı. Ülvi Kərimlinin belə bir şakəri vardı. Rəhbər vəzifəlilərin kabinetinə girəndə ilk öncə kabinetə göz gəzdirib, bu rəhbərin hansı xasiyyətdə hansı düşüncəyə malik olduğunu öyrənməyə çalışırdı və söhbəti də bu formada qururdu. Kərim Qasımlının kabinetində çoxlu Fəxri Fərmanlar, ayrı- ayrı ölklərin medalları, orijinal üslublu fiqurlar, maraqlı rəsm əsərləri, ölkə başçısı ilə bir neçə portretləri, foto şəkilləri və hamısı da mehriban formada, xarici ölkələrin başçıları ilə də böyüdülmüş böyük foto- portretlər vardı. Rəssamların maraqlı rəsm əsərləri kabinetə yaraşıq verirdi. Bir foto- portret isə Ülvi Kərimlinin diqqətini daha çox cəlb etdi. Bu, böyük ölçülü foto- portretdə dünya şöhrətli yazıçılar Çingiz Aytmanov və Oljas Süleymanov idi. Onların ortasında isə onlardan cavan olan Kərim Qasımlı idi. Onlar Kərim Qasımlını qucaqlamışdılar və hər üçü gülürdü. Altından isə bu sözlər yazılmışdı: “Yesentüki- 1986-cı il”. Eləcə də Kərim Qasımlının imkansız adamlara yardımlar verdiyi yerdə çoxlu foto şəkillər vardı. Yaşlı adamlar onu mehribancasına qucaqlamışdılar...

Otağın bir küncündə və böyük yeri tutan, qədim misgərlik nümunələri olan çoxlu somavarlar, qılınclar, dəbilqələr, mis qablar və hətta bir fayton da vardı. Üstündə də böyük hərflərlə belə yazılmışdı: “Nobelin faytonu”.

Ülvi Kərimlini görən Kərim Qasımlı yerindən ayağa durub, onu kabinetinin ortasında qarşıladı. Cod sifəti olan, uca boylu, şişman bədənli, altmış beş yaşlarında, ağ sifətli Kərim Qasımlı gülümsündü və özünün qaltanlı səsi ilə dedi:

-Ay Ülvi müəllim, siz hara-bura hara? Selektordakı ekrana baxanda inanmadım ki, bu, sizsiz. Sizi hansı rüzigar buralara gətirib? Sizi televizorda görəndə, ya da radioda səsinizi eşidəndə, əlimdə hansı bir iş olsa, yarımçıq qoyub, sizə diqqətlə qulaq asıram. Elə aramla danışırsınız ki... Sözlərinizi adamların beyninə elə yerləşdirirsiniz ki, bu sözlər adamların beyninə maqnit kimi yapışır. Nəfəsimi almadan sizə qulaq asıram. Allah bu səbri sizə haradan verib? Sizə qulaq asandan sonra fikirləşirəm ki, sizdə lap Əyyub peyğəmbərin səbri var.

-Çox şadam ki, məni tanıdınız.

-Sizi tanımamaq olar? Hərdən sizin televizorda kəskin, amma dərin mənalı, maraqlı çıxışlarınızı görürəm. Hətta sizin bir aktyor kimi oynadığınız rolları da görmüşəm. Ömər Xəyyamın rolunda sizi görəndə elə bildim ki, o rəhmətlik dirilib gəlib. Hətta sözsüz baxışlarınız məni valeh edirdi... Şeir söyləməyiniz də bir başqa aləmdi. Çox xoşuma gəlir. Necədi o şeir? “Yenə o bağ olaydı”... O şeirə qulaq asanda öz cavanlığımı yadıma salıram... Hələ o sizin dediyiniz Cəfər Cabbarlının “Ana” şeririni eşidəndə zülüm-zülüm ağlayıram. Mən anamı çox tez itirmişəm...

Bu sözlərdən sonra Kərim Qasımlı kövrəldi. Cibindən dəsmal çıxarıb, gözlərinin yaşını sildi.

-Allah ananıza rəhmət eləsin. Elə mən də anamı tez itirmişəm. O şeiri söyləyəndə mən də anamı yadıma salıb, gözlərim qarşısında canlandırıb, daxilimdə ağlayıram...

Belə tez dil tapmalarına Ülvi Kərimli çox sevindi. Deməli, söhbəti istədiyi kimi qura bilərdi və qələbə də çalardı.

-Bu rayona gəlməkdə xeyir ola?

-Biz bura Cəfər Cabbarlının məşhur “Oqtay Eloğlu” tamaşasını gətirmişik. Sabahdan sizin rayonun camaatı üçün oynayacağıq.

-Nə yaxşı. Mən cavanlıq illərimdə rayonun Xalq teatrında məşğul olmuşam. Oqtay rolunu oynamışam.

Bilirsiniz, tamaşaçılar məni necə qarşılayırdılar?..

-Nə yaxşı, - deyə Ülvi Kərimli maraqla Kərim Qasımlıya baxdı. Mən özüm də cavanlıq illərində bu rolu oynamışam. Sonra da tamaşasını hazırlamışam. Bu tamaşa on beş ildən çoxdur ki, bizim teatrın repertuarındadır...

-Deməli, belə danışırıq. Sabah mən öz kollektivimlə gəlib bu tamaşaya baxacağıq. Əgər xoşuma gəlsə əlavə dörd-beş tamaşanın da pulunu ödəyəcəm, rayondakı məktəblilər, kolleclərin tələbələr və rayon camaatı da gəlib baxacaqlar.

- Çox sağ olun. Əvvəlcədən sizə təşəkkür edirəm.

-Sizi yəqin İcra Hakimiyətinin başçısı öz başından eləməkçün bura göndərib.

-Elədi, -deyə Ülvi Kərimli məcbur olub, həqiqəti dedi.

-İcra Hakimiyyətinin başçısı Aydın yonulmamış adamdı. Özündən də müşdəbehdi. Onu bu rayona pul yığmağa və çirkli pulları yumağa göndəriblər... Rayon camaatının heç bir işinə yaramır. Bizim rayonun camaatı da ona yaxşı bir ayama qoşublar: “Eşşək Aydın”. Bura işləməyə gələndə ilk günlər bro-bro deyirdi. Deyirmiş ki, ona aylıq pul verməsəm, buranı bağlatdıracaq. Daşı-daş üstündə qoymayacaq. Bir-iki dəfə bura gəldi, onu buradan iti qovan kimi qovdum... Sonra yuxarıdan eşşək qulağını necə burdularsa, daha buranın yolunu yaddan çıxartdı... Nə isə... Tamaşadan danışaq.

-İnanıram ki, tamaşa sizin çox xoşunuza gələcək.

-Xoşuma gəlsə sizə hər cürə şərait yaradacam və bizim rayondan razı gedəcəksiniz. İndi isə gəlin mənimlə bir qismət çörək kəsək və həm də sizə öz təsərrüfatımı göstərim. Görün dağın başında mən nələr yaratmışam... Elə ilk öncə baxın görün mən necə muzey yaratmışam,- deyə o, kabinetindəki nadir inciləri Ülvi Kərimliyə göstərdi. Bu samovarları, qədim misgərlik, silah nümunələrini 1988-ci ildən sonra adamlarımız qəpik-quruşa, farsalara, türklərə, yəhudilərə və başqa xarici millətlərə satırdılar. Mən, bunu eşidəndə çox əsəbiləşdim. Bütün qazancımı verib, bunları aldım. Bir misgər dostum var. Verdim ona. O da bunları əvvəlki qaydasına saldı. Ona da bu işinə görə yaxşı pul verdim. Beləliklə, çoxlu qədimi əşylarımızın məmləkətdən çıxmasının qarşısını aldım. Elə burda mindən çox samavar və başqa misgərlik nümunələri var. Elə bu qədərini də Bakıda Mərkəzi Muzüyə vermişəm. Müqaviləmiz də var. Onlar həmin qədimi nümunələri sata bilməzlər. Hətta bir vaxtlar məşhur milyonçu Nobelin faytonu olan bu faytonu da alıb, bura gətirmişəm.

- Kabinetə girəndə bunlara göz gəzdirdim. Və ona da təəccübləndim ki, Nobelin faytonu bura necə gəlib çıxıb? Həm də Çingiz Aytmanovla, Oljas Süleymanovla olan foto şəkil də yəqin sizin şəklinizdir.
-Hə. Elədi. Həmin vaxtı cavan, şumalay oğlan idim. Yesentukidə iyirmi beş gün onlarla bir yerdə olmuşam. Sonra onları bura dəvət etmişdim. Bu daş karxanasını həmin vaxtı təzə yaratmışdım. Burada on beş gün də mənim qonağım oldular. O vaxtkı ölkə başçısına da məni tapşırdılar... Həmin vaxtlar mən də şeir yazırdım.

-Şeir yazırdınız?

-Bəli. Şeirlər yazırdım. Hətta həmin şeirləri rus dilinə tərcümə etdirib, bura gələndə onlara verdim. Oxudular. Çox xoşlarına gəldi. Sonra öz ölkələrinə qayıdanda, mənim şeirlərimdən ibarət qazax və qırğız dillərində bu kitabları çap etdirib, mənə göndərdilər.

O, küncdəki balaca kitab şkafından iki kitab götürüb, Ülvi Kərimliyə verdi.

- Çox maraqlıdı, - deyə Ülvi Kərimli maraqla kitablara baxdı və vərəqlədi.

- Mən sizə bir maraqlı məsələni deyim. İki il bundan qabaq dünyasını dəyişən şair və şeirlərinə çoxlu mahnılar yazılan Şakir Kərimli mənim kiçik qardaşım idi.

- Nə danışırsız? Mən bunu bilmirdim. Biz onunla yaxın dost olmuşuq. Mən onun bir neçə şeirini də radioda demişəm.

-Eşitmişəm... Siz o şeirləri çox yaxşı deyirdiniz...

Kərim Qasımlının yenidən gözləri doldu. Bir an sükut yarandı. Bu sükutu Ülvi Kərimli pozdu.

- Siz doğrudan da çox maraqlı insansınız... Amma sizin haqqınızda adamlar fərqli düşünürlər və fərqli danışırlar. Yəqin ki, bu da sizi gözdən salmaqçün hansısa çirkaba batmış bir qrupun qurduğu oyundur. Çünki bir millət kimi bizim daxilimizdə paxıllıq çoxdur...

-Onu mən də fikirləşirəm. Düşünürəm, xarici ölklərə işləyən beşinci kalon adlı bir görünməz qüvvə var ki, məni ölkə başçısının gözündən salmaq istəyir. Amma deyəsən ölkə başçısı onların “burnunu” yavaş-yavaş ovur. Eşşək Aydını da o adamlar bura gətirib, İcra Hakimiyyətinin başçısı qoydurublar və hər an da ölkə başçısını aldadırlar, - deyə Karım Qasımlı acı-acı gülümsündü. Nə isə... Yəqin ki, tezliklə əsl həqiqət üzə çıxacaq... Kimin-kim olduğu müəyənləşəcək. Gedək mənim yaratdıqlarımla tanış olun və bu faytonun tarixçəsini də sizə danışacam. Özü də bu fatyondan ikisi olub. Birini və çoxlu antikvar somavarları, misgərlik qablarını lap yuxarıya vermişəm, -deyə o, ölkə başçısı ilə birlikdə çox mehriban formada çəkilən böyük foto şəkilləri göstərdi.

- Mənim üçün də maraqlı olar, sizin təsərrüfatınızla tanış olmaq,- deyə Ülvi Kərimli, Kərim Qasımlı ilə kabinetdən çıxdılar.

Həyətdə onları balaca bir maşın gözləyirdi. Onlar maşına minib, həyətdəki yaşllıqlarla bəzədilmiş və elə bil ki, memar, bağban tərəfindən düşünülmüş, səliqə ilə əkilmiş yerlərə tamaşa eləməyə başladılar. Kərim Qasımlı da çox yüksək səviyyəli bələdçi kimi Ülvi Kərimliyə məlumat verməyə başladı. Həqiqətən də burada hər şey heyrətamiz və möcüzəli idi. Bərli-bəzəkli quşlar da, ceyranlar, cüyürlər də onlardan qorxmur və Kərim Qasımlının onlara dediyi xoş sözləri elə bil ki, başa düşür və onu dinləyirdilər. Sonra onlar farel balıqlar olan böyük təsərrüfata, toyuq, qaz, ördək və başqa ev quşları olan yüksək səviyyədə tikililər olan yerlərə getdilər. Burada gördükləri Ülvi Kərimlinin çox xoşuna gəldi və Kərim Qasımlının belə yüksək səviyyəli təsərrüfatçı olduğına görə ona hörməti çox artdı. Onun haqqında İcra Hakimiyyəti başçısı Aydın Qulamzadənin və Mətləbin dedikləri mənfi fikirlər tam alt-üst oldu...
-Mən, 44 günlük Vətən müharibəsi dövründə buradan tonlarla toyuq, mal ətləri, balıqlar və ərzaqlar döyüşən orduya göndərmişəm. Pulsuz, parasız. Hətta üç tank, çoxlu silahlar və geyim şeyləri alıb, əsgərlərimizə vermişəm. Döyüş bölgəsi buradan əlli kilomet uzaqda idi. Özümün ayrıca üç otağı olan maşınım vardı. Onunla bir neçə dəfə cəbhə bölgəsində də olmuşdum. Sonra həmin maşını da ordu generalına bağışladım. İstədim ki, o, döyüş gedən bölgədə soyuq havada qalmasın. Xəstələnməsin. Əgər ordunun generalı xəstələnsə, beyni iti düşünə bilməz. Əskərlərin də ona inamı azalar. Axı hamı rəhbəri sağlam və qoçaq təsəvvür eləyir. Əgər elə olmasa, onda qələbə qazanmaq da çətin olar.
Müharibədən sonra gətirib qaytarmaq istədi. Dedim ki, mən onu sənə bağışlamışam. Mən də bağışladığımı geri alan kişilərdən deyiləm... Özü də Qarabağdan sonra hələ bizim geri qaytaracaq ata-baba torpaqlarımız çox var. Biz, həmin torpaqları da geri almalıyıq...
Kərim Qasımlı bu sözlərdən sonra ucadan güldu. Onun gülüşündə də bir saflıq vardı. Sonra bu dağın o biri tərəfində olan dağlara böyük ümidlər baxdı...
Onlar göl sahilindəki yeməkxanaya gəldilər. Artıq hər şeyi bişirib hazırlamışdılar və süfrəyə düzmüşdülər onları gözləyirdilər. Hətta sürücü Mətləb bir kənarda oturub, çörək yeyirdi. Deməli, Kərim Qasımlı tapşırmışdı...
-Ülvu müəllimin sürücüsü orada niyə ayrıca oturub,- deyə Kərim Qasımlı ağ xalatlı kişiyə dedi:- O sürücü də gəlib bizimlə bir yerdə əyləşsin. Zarafat deyil. Sürücü kimi belə bir məşhur kişinin taleyinə o cavabdehdi.
-Baş üstə Kərim müəllim.
Ağ xalatlı abşbaz, tez Mətləbə yaxınlaşıb, onu da Kərim Qasımlı ilə Ülvi Kərimli əyləşən süfrəyə dəvət elədi.
... Ülvi Kərimli ilə Kərim Qasımlının stol arxasındakı söhbəti çox maraqlı keçdi. Ülvi Kərimli teatrdakı problemlərindən Kərim Qasımlıya danışdı. Kərim Qasımlı çox heyifisləndi və zang vurub, Bakıda olan bir neçə sahibkar, iş adamı dostuna teatra pul köçürməyi tapşırdı. Onlar da məmnuniyyətlə razılıq verdilər. Sonra Kərim Qasımlının xahişi ilə Ülvi Kərimli bir neçə şeir dedi. Hətta qardaşı Şakir Kərimlinin də şeirlərindən dedi. Sonra onlar birlikdə Oqyat Eloğlunun monoloqunu söylədilər...
-Sizin Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” tamaşasında Nəriman Nərimanov rolunda böyük monoloqun sonunda ağlayaraq, dediyiniz bu sözlər “ Ey kimsəsizlər kimsəsi, mən bir kəsin ol kimsəsi” sözlərini ucadan hayqıraraq və göz yaşları ilə dediyiniz vaxt, mən də hönkür-hönkür ağlamışam.
-Sizin necə kövrək ürəyiniz var Kərim müəllim. Sizə heyrət və qibtə eləyirəm...
... Onların söhbətləri çox uzandı... Ülvi Kərimli mehmanxanaya gələndə gördü ki, heç kim yatmayıb, onu gözləyir. Mətləb də yol boyu söhbətlərində Ülvi Kərimlidən Kərim Qasımlı ilə bağlı dediyi sözlərə görə üzr istədi. Onu da vurğuladı ki, “həqiqətən Ülvi müəllim deyən kimi onun bacanağı heç bir jurnalist deyil. Cəmi səkkiz siniflik təhsili var. Bu qəzeti də camaatı qorxudub, reketçilik etmək üçün yaradıb. Yəqin Kərim Qasımlını da qorxudub, şantaj etmək istəyib və Kərim müəllim də onun “dərsini” verib. Yaxşıca döydürüb...
Onlar mehmanxanaya çatdılar. Mətləb, Kərim Qasımlının maşına qoydurduğu böyük qutuları yerə qoydu. Teatrın aktyorlarından bir neçəsi mehmanxananın həyətində gəzirdi. Onlar köməkləşib, qutularda olan yeməkləri və içkiləri mehmanxanaya apardılar və foyedə olan böyük stolda onları düzdülər. Teatrın işçiləri hamısı həmin stolun ətrafına toplaşdı.
-Buyurun əyləşin, - deyə Ülvi Kərimli işçilərə baxıb gülümsündü. Bilirəm ki, heç biriniz heç nə yeməyib, məni gözləmisiniz.
- Elədi, Ülvi müəllim,- deyə Oqtay Eloğlunun rolunu oynayan aktyor dilləndi. Sizə görə çox narahat idik. Altı-yeddi saatdır ki, yoxsunuz. Çox narahat qaldıq...
- Narahatçlığa heç bir əsas yoxdur. Sabah böyük bir imtahan qarşısındayıq. Hamlet deyən kimi. Sabah, “Ölüm ya olum” qarşısında qalacağıq...
O, başına gələnləri kollektivə danışdı və sonda da dedi:
-Sabahkı tamaşanı çox yüksək səviyyədə oynamalıyıq. Çünki sabahkı tamaşadan bizim gələcək işlərimiz və teatrımızın taleyi çox asılıdır...
Sonra bütün kollektiv, sevinclə Kərim Qasımlının göndərdiyi ləzzətli yeməklərdən yeyib, hətta Kərim Qasımlının və Ülvi Kərimlinin sağlığına da içdilər. Ülvi Kərimli içki içən deyildi. Çox maraqlıdır ki, Kərim Qasımlı da içkiyə meyilli insan deyildi...
Səhər tezdən Kərim Qasımlının göndərdiyi nümayəndə mehmanxanaya gəldi və tamaşanın oynanıldığı Mədəniyyət evindəki bütün yerlərin pulunu verib, biletləri aldı. Və sonra dedi:
-Bu tamaşada bizim müəssisənin işçiləri iştirak edəcək. Başda Kərim müəllim özü olmaqla. Hətta bütün işçilər öz ailələri, uşaqları ilə ora gələcəklər.
... Həmin gün tamaşa həqiqətən də aktyorlar tərəfindən çox yaxşı oynanıldı. Heç ilk premyera belə olmamışdı. Bütün kollektiv əlindən gələni edirdilər ki, tamaşa yaxşı olsun. Onlar bu tamaşanı yüz dəfədən çox oynasalar da bugünkü kimi oynamamışdılar. Zalda əyləşən Kərim Qasımlı tez-tez kövrəlir və bəzən də hönkürtü ilə ağlayırdı... Onun hönkürtüsü zalda və səhnədə eşidilirdi...
Tamaşadan sonra aktyorlara, aktrisalara çoxlu gül dəstələri verildi. Kərim Qasımli özü səhnəyə çıxıb, əlindəki dəsmalla gözlərinin yaşını silib, Ülvi Kərimlini və kollektivi təbrik elədi. Və sonda belə dedi:
-Bu tamaşa məni gənclik illərimə apardı və çox kövrəltdi. Rayonda olduğunuz bu beş gündə mənim qonağım olacaqsınız. Bizim Qonaq evində qalacaqsınız. Tamaşalarınızın da bütün biletləri alınacaq və beş gün rayonda böyük teatral gün kimi keçiriləcək. Bundan sonrakı tamaşalara da gəlib baxacam...
Hamı onun sözlərini alqışlarla qarşıladı. Kərim Qasımlının qorxusundan tamaşaya gələn İcra Hakimiyyətinin başçısı da sevindi ki, teatrın problemini Kərim Qasımlının boynuna qoydu. Amma bir şeyə təccüblənirdi ki, Ülvi Kərimli bu cod adamla necə dil tapa bilib. Yəqin ki, bunu sabah ondan öyrənəcəkdi... Onu da öyrənəcəkdi ki, Kərim Qasımlı onun haqqında Ülvi Kərimliyə nə deyib. Çünki ona yuxarıdan demişdilər ki, “özünü qorusun və hər adamdan rüşvət almasın. Kərim Qasımlı onu çıxartdırıb, yerinə rayon üçün yaxşı işlər görmək istəyən, savadı, qabiliyyəti olan ağıllı bir adamı qoydurmaq istəyir”. Rayonda da son vaxtlar Aydın Qulamzadəyə münasibət pis idi. Qulağı eşidə-eşidə tez-tez eşşəyin adını çəkirdilər...
Tamaşadan sonra teatrın kolektivi mehmanxanaya gedib, orada olan şeylərini avtobusa yığıb, Kərim Qasımlının Qonaq evinə gəldilər. Artıq orada Ülvi Kərimli və Kərim Qasımlı dayanıb onları gözləyirdilər. Kollektiv Qonaq evində yerləşəndən sonra yeməkxanaya getdilər. Orada onlar üçün çox ləziz yeməklərdən ibarət süfrə açılmışdı. Bu ziyafət demək olar ki, səhərə kimi davam elədi...
Beləliklə, beş günlük qastrol kolektivin ürəyincə idi. Axı aktyora nə lazımdı? Çox cüzi şeylər. Böyük diqqət, tamaşadan sonrakı sürəkli alqışlar, gül dəstələri və tamaşadan sonra verilən banket...
Onlar həm də Kərim Qasımlının yaratdığı bu cənnətməkan yerlərə baxıb, heyrətlənirdilər. Eləcə də Kərim Qasımlının necə xeyirxah insan olduğunu görürdülər...
Beş gündən sonra Kərim Qasımlı özü onları köhnə dost kimi yola saldı. Maşında hər aktyor, aktrisa və texniki işçilər üçün çox böyük zəmbillər, ayrı-ayrı içki növləri, toyuq, mal ətləri, farel baqlıqlar və hər birinə də konvertdə pul verildi. Ülvi Kərimliyə isə Kərim Qasımlı bir antikvar samavar bağışladı və dedi: “Bu samovarda çay dəmləyib, kollektiv bir yerdə içərsiniz. Bu, sizi bir-birinizə daha mehriban edər”. Eləcə də teatrın işçiləri üçün bir aylıq əmək haqqını da konvertdə ona verdi.
Kollektiv çox sevinirdi. Amma onların hamısından çox Ülvi Kərimli sevinirdi. Sevinirdi ona görə ki, deməli, onların sənətlərini sevən Kərim Qasımlı kimi insanlar bu məmləkətdə hələ ki, var. Deməli, hələ bundan sonra işləməyə və bir-birindən də maraqlı tamaşalar hazırlamağa dəyər. Quruluş verəcəyi iki tamaşanın da xərclərini artıq Kərim Qasımlı vermişdi. Bakdakı dostları da teatra maliyyə yardımı edəcəkdilər. Beləliklə, sentyabr ayının axırına kimi yəni əmək haqqını alana qədər kollektivin dolanması, yaşaması üçün pulu olacaqdı...
Altımış beş yaşlı Ülvi Kərimli qırx il idi ki, teatrda işləyirdi və onun da otuz ilini bu teatra rəhbərlik edirdi. Son vaxtlar isə işin belə çətin olması və ona yüksək rütbəli məmurlar tərəfindən heç bir köməkliyin olmaması, təpkilər yapılması onu tam həvəsdən salmışdı. İlin axırında isə onun altmış beş yaşı tamam olacaqdı. Artıq o, qət etmişdi ki, teatrdan çıxıb, gedib öz bağında işləyəcək və uzun illər cızma-qarasını etdiyi, gündəliklərinə yazdığı teatrla bağlı xatirələrini, memuarını yazacaq... Və, və teatrı unudacaq...
... Teatr işçiləri rayondan Bakıya qayıtdıqları yol boyu birlikdə mahnılar oxuyur və maraqlı lətifələr danışırdılar. Axı onlar da son vaxtlar qastrollardan ilk dəfə idi ki, belə böyük zənbillərlə geri qayıdırdılar... Bu zənbillərdəki yeməklər də ən azından on-on beş gün onların ailələrinə bəs edərdi...
Ülvi Kərimli kollektivin üzündəki bu sevinci gördükcə öz-özünə düşünürdü:
-Yox, yox Ülvi. Sənin indi kollektivi belə yarı yolda qoyub işdən getməyin kişilikdən deyil. Özü də bu qələbədən sonra... Artıq teatrın “olum” dövrü başlayır... Bu kollektiv isə sənə ata kimi inanır və hörmət eləyir. Övladın isə həmişə ataya, böyük ehtiyacı var...
Doğrudan da indiki zamanda hər bir məmləkətdə yaşayan sadə, gözütox insanları xoşbəxt etmək üçün, həmin məmləkətin hökmdarından yalnız üç müqəddəs şey tələb olunur.
Birincisi onların güzəranını yaxşılaşdırmaq. İkincisi onların sağlamlığının qorunmasına köməklik etmək. Üçüncüsü də onların hüquqlarını qorumaq. Bəli. O ölkənin insanları xoşbəxtdir ki, onların hökmdarı milləti üçün bunları böyük həvəslə edir və bunu özünün müqəddəs borcu bilir.

Sumqayıt şəhəri,
24 iyul – 08 avqust 2024-cü il