"Bildiyiniz kimi Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib. Belə ki, bununla bağlı Prezident İlham Əliyev bu gün Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Dövlət Suverenliyi Günü haqqında cənab Prezident İlham Əliyevin imzaladığı sərəncam bu gün tam yerinə düşür". Bu sözləri SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev deyib.
Həsən Qarayev sözlərinə belə davam edib: "Buna Azərbaycan dövlətinin öz ərazi bütövlüyü uğrunda apardığı mübarizələrinin yekun nəticəsi də demək olar. Bunun ən böyük səbəblərindən biri illərdir Qarabağ ərazisində yerləşmiş erməni separatizminin işğalına son qoyulması və nəticədə erməni işğalçılarının tamamilə bizim ərazilərimizdən çıxarılmasıdır. Bunların hamısını həm 44 günlük Vətən müharibəsi dövründə, həm də 19 sentyabr antiterror tədbirlərinin yekun nəticəsi kimi qeyd etmək olar. Bu gün gələcək nəsillərdə Azərbaycan gəncləri və dövləti üçün çox böyük əhəmiyyətə malik olacaq və tarixi gün kimi qeyd olunacaq. Bu tarix dövlətimizin sərhədlərinin və müstəqilliyinin bərpasının ili-günü kimi tarixdə qalacaq. Bununla biz həm həmvətənlilərimizi, həm də bizimlə bir olan dünya azərbaycanlılarını bu gün münasibətilə təbrik edirik".