"Heç bir məsələni gələcək nəsillərə saxlamaq olmaz" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

19 Sentyabr 2024 16:14 (UTC+04:00)

"Faktiki olaraq Ermənistanın ali, siyasi rəhbərliyi hamıdan çox sülhdən danışır, amma bir o qədər də sülh müqaviləsi imzalanmasına mane ola biləcək addımlar atır". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, Ermənistan sülhün imitasiyasını yaratmaqla məşğuldur: "Ermənistan Baş naziri Nikol Paşinyan "İrəvan dialoqu" adlı forumda sentyabr ayının 10-da çıxışı zamanı bildirdi ki, Ermənistan və Azərbaycanla sülh müqaviləsinin 80% mətnini hazırlayıb. Bu reallıqda sülh müqaviləsini imzalamağı təklif edir. Beləliklə 20%-i mötərizədə saxlayır, gələcək nəsillərə qalması üçün. Bu, əslində yeni münaqişənin əsaslarını yaratmaq məqsədi daşıyır. Torpağa basdırılmış mina effektini verir. Gələcəkdə də yenidən separatizm, ərazi iddiaları məsələsi ön plana çıxsın. Bu səbəbdən də ATƏT-in Minsk qrupunun ləğv edilməsinin əleyhinə çıxır və həlledilməyən 20%-in həlli ilə bağlı ATƏT-in Minsk qrupundan istifadə etmək ideyasını ortaya atmış olur. Ona görə də Azərbaycan dövlətinin bu məsələ ilə bağlı konkret mövqeyi var. Şəxsən ölkə Prezidenti İlham Əliyev qətiyyətli şəkildə mövqe bildirib ki, bütün məsələləri həll etməliyik. Heç bir məsələni gələcək nəsillərə saxlamaq olmaz. Xüsusilə də, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Bunu konstitusiyasında müvafiq düzəliş etməklə reallaşdırmalıdır. bu məqsədlə də referendum keçirməlidir, erməni xalqının siyasi iradəsini ifadə edən dəyişikliklər olmalıdır. Bu olmayacağı təqdirdə heç bir sülhdən söhbət gedə bilməz. Bu, Azərbaycanın mövqeyidir. Ermənistan bu mövqeyi nəzərdə almalıdır. Almayacağı təqdirdə Azərbaycanın alternativləri var. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın konkret alternativi var. Ermənistan buna getməyəcəyi təqdirdə İran ərazisindən keçməklə Naxçıvana quru yolu təmin edə bilərik".

"Eyni zamanda Ermənistan militarizasiya yolunu seçibsə, buna heç kimin şübhəsi yoxdur, ABŞ, Fransa, Yunanıstan, Hindistan, Cənubi Koreya, Yaponiyadan silah almaq niyyəti reallaşır, perspektivdə nəzərdə tutulursa, bu, Ermənistanın üçüncü Qarabağ müharibəsinə hazırlaşması deməkdir. Ermənistan buna gedərsə, bu, odla oynamaq effekti verəcək. Ermənistan unutmasın ki, güclü Azərbaycan dövləti, onun güclü lideri var. Dəmir yumruğa çevrilmiş xalqımız, güclü ordumuz var. Belə olan təqdirdə Ermənistan rəhbərliyi müharibə yolunu seçsə, bu, həm onun hakimiyyətinin sonu, həm də Ermənistanın sonunun başlanğıcı olacaq" - deyə o, əlavə edib.