Davamlı xarakter alan HƏDSİZLİK – TƏHLİL

19 Sentyabr 2024 14:20 (UTC+04:00)

Ölkəmizə qarşı özünün qərəzli mövqeyi ilə seçilən, AŞPA kimi tanıdığımız Avropa Şurası Parlament Assmbleyasının bu dəfə də payız sessiyasında Azərbaycanı hədəfə almaq niyyəti artıq həddi aşmaq deməkdir. Ümumiyyətlə, hansısa bir ölkənin, suveren və müstəqil bir dövlətin öz ərazi bütövlüyünü təmin etməsinə görə qınanılması, hədəfə alınması, sanksiyalar, hədələr, təqiblər barədə düşünülməsi belə hədsizlikdir. Məhz AŞPA deyilən Avropa Şurası Parlament Assmbleyası da ölkəmizin daxili işlərinə qarışaraq, Azərbaycanın müstəqil siyasət yürütməsinə qısqanclıqla yanaşaraq, uğurlarımızı, qələbələrimizi, dövlətimizin söz sahibinə çevrilməsini həzm etməyərək, rəsmi Bakıya qarşı qərəzli mövqedə olmaqla, ədalətsizlik etməklə, reallıqlara deyil, təhrif olunmuş məqamlara, yalanlara yer verməklə hədsizlik etmiş olur. Təssüf ki, bu hədsizliyə son da qoyulmur və hələ bundan sonra da davam etdirilməsi planlaşdırılır.

Rəsmi Bakı ölkəmizə qarşı ədalətsizliyə biganə qala bilməz

Bildiyimiz kimi, cari ilin, 2024-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etmədi. Daha dəqiq desək, nümayəndə heyətimizin bu qurumdakı fəaliyətinə, bir növ, birillik “embarqo” tətbiq edilməsi qərarına gəlindi. Təbii ki, rəsmi Bakı da bunu, bu ədalətsizliyi cavabsız qoymadı və buna cavab olaraq, Azərbaycan nümayəndə heyəti də öz növbəsində AŞPA ilə əməkdaşlığı, təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldi və bununla bağlı bəyanat da verdi. Sözsüz ki, rəsmi Bakı ölkəmizə qarşı ədalətsizliyə biganə qala bilməzdi və qalmadı da. Məlum olduğu kimi, artıq Azərbaycanın da öz şərtləri var və sözügedən qurum nəzərə almalıdır ki, Azərbaycanın şərtləri yerinə yetirilməzsə, Avropa Şurasından çıxmaq prosesinə start veriləcək.

Ölkəmizin sanksiyalarla hədələnməsi hədsizliyin ekstremum nöqtəsidir

Heç şübhəsiz ki, AŞPA-nın qətnaməsində qeyd olunan məsələlər əslində, bəzi məqamlara aydınlıq gətirilməsi üçün kifayət edir. Məsələn, barəsində qeyd olunan qətnamədə Dağlıq Qa­rabağla bağlı bir sıra məqamların, xüsusən də Laçın dəhlizin­dən sərbəst və təhlükəsiz keçidin təmin olunmasının, eləcə də guya yüz mindən çox erməni əhalinin bölgəni tərk etməsi ilə nəticələnən anti-terror tədbirlərindən narahatlığın öz əksini tapması ölkəmizə qarşı qərəzli yanaşmanın təzahürü kimi görülür. Azərbayca­nın Qarabağda apardığı anti-terror əməliyyatlarını bu qurumun qətiyyətlə pisləməsi başqa təzahür kimi görülə də bilməzdi və belə bir qənaətdə hər kəs haqlıdır. Rəsmi Bakının sanksiyalarla hədələnməsi isə hədsizliyin ekstremum nöqtəsidir. Azərbaycanın bir suveren, müstəqil dövlət olaraq, öz ərazilərində qanunsuz silahlıların, terrorçuların mövcudluğuna son qoymaq üçün anti-terror tədbirləri həyata keçirməsində qeyri-adi heç nə yoxdur. Belə tədbirlərin keçirilməsi beynəlxalq normalara da zidd deyil. Beynəlxalq qurumlar özləri belə tədbirlərin keçirilməsində maraqlı olmalıdır. BMT-nin məlum dörd qətnaməsini də yaxşı xatırlayırıq və bilirik ki, Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi barədə qərarına onillər boyu rəsmi İrəvan tərəfindən məhəl qoyulmadığı üçün Azərbaycan bunu özü öz gücü, qüdrəti ilə etmiş oldu. Bir sözlə, BMT qətnamələrinə uyğun şəkildə addım atıldı. Elə isə AŞPA nədən narazıdır və bəhanəsi məntiqsiz deyilmi? Əlbəttə ki, məntiqsizdir. Əgər narazı qalmışdısa, ilk növbədə narazılığını BMT kimi mötəbər təşkilata bildirərdi. Belə bir narazılığı beynəlxalq təşkilata bildirmədiyi halda, ölkəmizə qarşı qərəzli mövqe ilə çıxış edirsə, deməli, hədsizlik edir.

Azərbay­canın Xarici İşlər Nazirliyinin arqumentli, tutarlı cavab verməsi tamamilə məntiqidir və normalar çərçivəsindədir

Əvvəla sual olunur ki, nəyə görə Laçın dəhlizin­dən sərbəst və maneəsiz keçid təmin olunmalıdır və hansı əsasa görə? Hayların maneəsiz şəkildə silah-sursat daşımaları və yenə də erməni separatçılarının, terrorçularının ərazilərimizdə qanunsuz olaraq yerləşdirilməsi üçünmü? Ona görə ki, separatçılar sərbəst şəkildə yenə də Azərbaycan ərazilərində yerləşsinlər, ərazilərimizə silah daşısınlar və torpaqlarımızı minalamağa da davam etsinlər? Bu qədər absurd yanaşma, bu qədər ədalətsiz mövqe, bu qədər haqsızlıq olmaz axı. Yəni, ermənilərin Laçın dəhlizində yoxlanması nəyə görə erməniləri və xüsusən də hansısa beynəlxalq qurumu narahat etməlidir? Əgər hansısa erməni dığası qanunsuz şəkildə ərazilərimizə daxil olmursa, qanunla qadağan olunmuş nə isə daşımırsa, nəyə görə keçiddə yoxlanılmaqdan narahatdır? Bəs həmin o erməninin yoxlanılmasından beynəlxalq quruma toxunan nədir ki, bunu qabardır? Rəsmi Bakının sanksiyalarla hədələnməsi hansı məntiqə və hansı normalara sığışır? AŞPA-nın reallığı təhrif edən, ədalətsiz, ermənipərəst mövqeyinin göstə­ricisi olan həmin qətnamələri hədsizlik deyilsə, bəs başqa nədir? Sözsüz ki, başqa heç nə deyil və Azərbay­canın Xarici İşlər Nazirliyinin arqumentli, tutarlı cavab verməsi tamamilə məntiqidir və normalar çərçivəsindədir.

Ədalətsizliyin biri digərini əvəz etdi və davamlı xarakter aldı

Çox yaxşı bilirik ki, 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqı iki ölkə, yəni Azərbaycan və Ermənistan arasında danışıq­lar prosesində vasitəçilik rolunu oynamaq imkanı əldə etsə də şuranın prezi­denti Şarl Mişelin Qranada bəyanatını im­zalaması səbəbindən qurumun vasitəçilik missiyası uğursuzluqla nəticələndi. Eyni zamanda, Avropa İttifaqının əsas qurumu sayılan Avropa Parlamentinin də açıq-aşkar şəkildə anti-Azərbaycan mövqeyi tutması da diqqətdən yayınmadı və heç təsirsiz də ötüşmədi. Beləki, Avropa Parlamenti kimi AŞPA da eyni şəkildə ölkəmiz əleyhinə mövqe sərgilədi və nəticəsi də mövcud vəziyyətin yaranmasına gətirib çıxardı, Azərbay­canın tamhüquqlu üzvü olduğu AŞPA-da nümayəndə heyətimizin təmsilçiliyi don­duruldu. Yəni, ədalətsizliyin biri digərini əvəz etdi və bu, davamlı xarakter aldı.

Əlbəttə ki, almaniyalı deputat Frank Şva­benin Azərbaycana qarşı qərəzli münasibətini və yanaşmasını da unutmamışıq. Bilirik ki, Şva­benin Azərbaycana qarşı, özü də məqsədyönlü şəkildə təşkil etdiyi böhtan kampaniyası “öz işini gördü” və məlum hadisələr də bunun davamı olaraq, bir-birini əvəz etdi. Milli Məclislə AŞPA arasındakı münasi­bətlərdə böhran yarandı, qurumun qərəzli yanaşması fonunda Azərbaycanın nümayəndə heyəti iştirakı­nı bir il müddətinə dondurdu. Məhz AŞPA-nın məlum qətnaməsindən sonra Azərbaycanın nümayəndə heyəti öz qərarı ilə səlahiyyət­lərini dayandırdı. Deməli, bir ermənipərəst deputatın, Frank Şvabenin qərəzi katalizator rolunu oynadı və haqsızlığa yol açılmaqla, ölkəmizə qarşı ədalətsizlik davamlı oldu.

AŞPA boyda bir beynəlxalq təşkilatın dərdi-səri yoxdur ki, yenə də Azərbaycanı müzakirə etmək niyyətinə düşür?

AŞPA üzvü olan bir sıra ölkələrin milli nümayən­də heyətləri münasibətlərin normallaşdırıl­ması və Azərbaycan nümayəndə heyətinin qurumdakı fəaliyyətinə qayıtması məqsə­dilə bir neçə ay ərzində quruma müraciət etdilər, amma bunun da nəticəsi olmadı. Daha dəqiq desək, həmin müraciətlərə məhəl belə qoyulmadı. Sözsüz ki, belə məhəl qoymamaq özü də haqlı olaraq, cavabsız da qalmadı. Bütün qərəzli yanaşmalara cavab olaraq, rəsmi Bakı öz növbəsində, növbədənkənar parlament seç­kilərini müşahidə etmək üçün AŞPA-nı çağırmadı. Ümumiyyətlə, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasına səs verən avoparlamentarilərin ölkəyə girişinə qadağa belə qoyuldu. Sözsüz ki, bu adekvat addım yerli-yerində və məntiqi addım sayılır. Çünki ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyinə görə Azərbaycana qarşı sanksiya­lar tətbiq edən, bəyanatlar verən bir təşki­latın nümayəndələrini ölkəyə dəvət etmək və onlara seçkiləri izləmək imkanı vermək qətiyyən lazım da deyildi. Lakin indi bunu bəhanə edən avoparlamentarilər yenə də ölkəmizlə bağlı müzakirələri gündəliyə çıxarmaq niyyətindədirlər. Məgər AŞPA boyda bir beynəlxalq qurumun, təşkilatın dərdi-səri yoxdur ki, yenə də Azərbaycanı müzakirə etmək niyyətinə düşür? “Qoca qitə”nin yəni bir dənə də problemi, qayğısı, dərdi yoxdur ki, avroparlamentarilər yenə də rəsmi Bakı ilə bağlı müzakirələr etmək istəyirlər? Niyə Fransanı müzakirə etmək yadlarına da düşmür? Axı kalonial siyasət yürüdən Fransadır, Azərbaycan deyil. Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi halda, qanunsuz silahlılardan ərazilərini təmizləməklə, öz torpaqlarında terrorçuluğun, separatçılığın kökünü kəsdiyi halda, Fransa çox dəhşətli bəşəri cinayətlər edib və hələ də özünün kalonial siyasətini davam etdirmək niyyətindədir. Bir milyondan çox insanın qətlini törədən Azərbaycan yox, Fransa olub. Niyə bu boyda qətliyam yox, erməni əsillilərin öz xoşları ilə, öz avtomobilləri ilə, özü də maneəsiz və qorxusuz, təhdidsiz şəkildə ərazilərimizi tərk etmələri avroparlamentarilərin, AŞPA kimi bir qurumun gözünə girir? Bir milyondan çox insanın qətlə yetirilməsi, soyqırım törədilməsi yox, 15-20 min erməninin könüllü şəkildə köç edib Ermənistana getmələri bəhanə edilərək Azərbaycanın müzakirə olunması planlaşdırılırsa, payız sessiyasının gündəliyinə də salınırsa, bu elə hədsizliyin davamlı şəkildə, davamlı xarakter alması deməkdir. Bəlkə Şvabe kimi digərləri də müqaisə edə bilmir? Yoxsa başa düşməkdə, anlamaqda, qanmaqda çətinlik çəkirlər ki, öz torpaqlarında təhlükəsizliyi, stabilliyi, sülhü, əmin-amanlığı təmin etmək üçün qanunsuz silahlılardan ərazilərini təmizləyən, terrorçuluğa, separatçılığa son qoyan ölkə deyil, başqa ölkələrin ərazilərində, başqa xalqlara qarşı vəhşicəsinə soyqırım siyasəti yürüdən ölkə müzakirə edilməlidir... Başa düşürlər, qanırlar, amma özlərini qanmazlığa qoyurlar və Azərbaycana qarşı yersiz, əsassız, arqumentsiz, yanlış iddialarla çıxış edirlər. Deməli, davamlı olaraq, hədsizlik etməkdədirlər və bundan sonra da belə etməyi planlaşdırırlar.

Ədalətsizlik şousunu davamlı şəkildə göstərənlər hədsizlik etdiklərinin hələ də fərqində deyillərmi?

Heç şübhəsiz ki, AŞ­PA-nın belə qərəzli mövqeyi, uyğunsuz davranışları misalında ədalətsiz heç bir yanaşma rəsmi Bakı tərəfindən cavabsız qala bilməz. Azərbaycan ərazi bütövlüyü və ədalətin bərpası mövzusuna kənardan hansısa bir mü­daxiləyə heç zaman imkan verməz. Əgər ərazi bütövlüyünün, su­verenliyinin, ilk növbədə də ədalətin bərpasına görə Azər­baycan Avropa Şurasından çıxmalı olacaqsa, elə çıxmasi daha məsləhətlidir. Çünki belə bir qeyri-normal, qərəzli, hətta ədalətsiz bir qurumda olmaq ölkəmizə heç lazım da deyil. Qoy elə avroparlamentarilər də bilsinlər ki, Azərbaycan hadisələrin bu cür neqativ inkişafına artıq hazırlaşıb və rəsmi Bakı növbə­ti anti-Azərbaycan addımları gözləmədən belə Avropa Şurasından çıxmaq qərarını verə bilər.

AŞPA özünün ədalətsiz qət­naməsinin ardınca indi nə etmək qərarındadır? Avroparlamentarilər ermənilərin xoşuna gəlmək üçün daha hansı şəkildə hədsizlik etmək fikrindədirlər? Nə qədər davam etdirmək istəyirlər bu ədalətsiz yanaşmanı? Ədalətsizlik şousunu davamlı şəkildə göstərənlər hədsizlik etdiklərinin hələ də fərqində deyillərmi? Fərqində deyillərmi ki, onlar tərəfindən anti-Azərbaycan yanaşma artıq davamlı xarakter alıb? Heçmi dərk edə bilmirlər ki, Avropa üçün Ermənistan yox, Azərbaycan daha əhəmiyyətli, daha vacib ölkədir? Görəsən bu reallığı görməyənlər, yaxud da dərk etməyənlər üçün olması faktını AŞPA-da təmsil olunan deputatların böyük əksəriyyəti qəbul edirmi?