"Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” adlı seminar keçirilib - YENİLƏNİB

19 Sentyabr 2024 14:13 (UTC+04:00)

Sentyabrın 19-da Audiovizual Şuranın və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” adlı seminar keçirilib. SİA xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Seminarda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova ölkədə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarının və enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparıldığını bildirib. Qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən yaşıllaşdırma layihələri çərçivəsində əsas su mənbəyi kimi təkrar emal edilən sulardan istifadə olunur.

Ətraf mühitə buraxılan zərərli qazların udulması, sağlam ekoloji mühitin yaradılması məqsədilə ölkədə meşə və yaşıllıq ərazilərin genişləndirilməsi üçün kütləvi şəkildə ağacəkmə kampaniyaları həyata keçirilir. Belə ki, təkcə 2023-cü il ərzində ölkə ərazisində 3 milyondan artıq ağac əkilib. Cari ildə 5 milyon ağacın əkilməsi hədəflənib. Artıq başa vurduğumuz yaz əkin mövsümündə 2 milyondan çox ağac əkilib.

Təqdimatla çıxış edən Audiovizual Şuranın hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı bildirib ki, mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblərə əsasən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ edilməməlidir.

Ətraf mühitə dair informasiyanın iki növünün olduğunu diqqətə çatdıran Ayxan Sadıqlı bunların açıq informasiya və alınması məhdudlaşdırılan informasiyalar olduğunu deyib.

O, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Audiovizual yayımçılar tərəfindən ən çox müraciət olunan mövzuları açıqlayıb. Onun sözlərinə görə, COP29-da qlobal səviyyədə əməkdaşlıq və dialoq, enerji əməkdaşlığının inkişaf etdirilməsi, ekoloji təhlükəsizlik, qlobal iqlim dəyişikliyi, su resurslarının azalması və yaşıl enerji həmin mövzulardan bəziləridir.

Ayxan Sadıqlı əlavə edib ki, Audiovizual yayımçılar tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı ötən 8 ay ərzində 20 mindən çox süjet, reportaj, proqram və 5 mindən çox sosial çarx yayımlanıb.

Medianın İnkişafı Agentliyinin Media təhlili şöbəsinin rəhbəri Səbinə Seyidova jurnalistlər üçün keçirilən təlimlərdən və seminarlardan danışıb. Bildirib ki, COP29-a hazırlıq çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək, müsabiqələr elan olunacaq.

O əlavə edib ki, aprelin 29-30-da COP29-da iştirak edəcək 40-a yaxın media nümayəndəsi üçün "COP29 - "Yaşıl maarifləndirmə"də medianın rolu" mövzusunda təlim keçirilib. Mayın 29-da isə 20-yə yaxın media nümayəndəsi üçün xarici ekspertlərin iştirakı ilə innfosessiya təşkil edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva iqlim dəyişikliyinin birbaşa gender bərabərsizliyini üzə çıxaran amil olduğunu deyib.

Mövzu ətrafında sual-cavab sessiyası ilə seminar yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiqlənmiş tədbirlər planı çərçivəsində təşkil olunan tədbirin məqsədi audivizual media subyektlərinin sözügedən mövzuya dair maarifləndirilməsi işinin gücləndirilməsi və bu istiqamətdə görülmüş işlərin nəticələrinin ictimaiyyətə çatıdırılmasıdır.

Tədbirdə, həmçinin audiovizual yayımçıların proqram, efir üzrə rəhbərləri və digər məsul şəxsləri iştirak ediblər.