"Onların məkirli arzuları ürəklərində qalacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

19 Sentyabr 2024 13:40 (UTC+04:00)

“Azərbaycan inkişaf edib iqtisadi layihələrin təşəbbüskarı olmağı, güclü ordu quraraq ərazilərini işğaldan azad etməyi, Cənubi Qafqazda lider olması və qardaş Türkiyə Respublikası ilə günü-gündən yaxınlaşması Avropa Birliyini və xüsusən də bu birlikdə liderliyə iddialı olan Fransanı çox narahat edir”. Bu sözləri SİA-ya açıqlamasında "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib.

Mehdi Mehdiyev sözlərinə belə davam edib: “Fransanın antiazərbaycan mövqeyi tutmasında bir neçə əsas səbəb görürəm. Əslində bu qorxu və təlaş Azərbaycana görə yox, Azərbaycan vasitəsi ilə "Turan"ın yaradılması və güclənməsidir. Təbii ki Fransada erməni lobbisinin rəğbətini və seçkilərdə səslərini qazanmaq da bu işin içində bir fürsət kimi dəyərləndirilir.

İkinci səbəb kimi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və özlərinin bu regionda söz sahibi olmaq arzusudur.

COP-29 İqlim konfransına qədər Ermənistanla Azərbaycan arasında natamam halda olan sülh sazişini imzalatmaq məqsədi ilə ölkəmizə təzyiq cəhdləri də onu göstərir ki, onlar əslində sülh yox, regionun qaynar münaqişə ocağı vəziyyətində qalmasında maraqlıdırlar. Fransanın Ermənistana verdiyi müdafiə yox, hücum silahları bir daha buna sübutdur.

Üçüncü məsələ isə Zəngəzur dəhlizi vasitəsi ilə keçəcək dəmiryolu marşrutunun iqtisadi baxımdan perspektivini dəyərləndikləri üçün burada əsas oyunçulardan, söz sahiblərindən biri kimi yer tutmaqdır. İnanıram ki, onların məkirli arzuları olduğu kimi ürəklərində qalacaqdır”.

Ayşən Vəli