AXCP-nin parçalanması real görünür

19 Sentyabr 2024 11:39 (UTC+04:00)

Partiyanın Rəyasət Heyətinin üzvü Asif Yusifli Əli Kərimlinin siyasətinə etiraz əlaməti olaraq istefa verdi

Dağıdıcı müxalifətin və xaricdəki antimilli ünsürlərin Azərbaycanın dövlət maraqlarına qarşı birgə hədyanlar danışmaları və qarayaxma kampaniyası aparmaları dünya azərbaycanlıları arasında hiddət və qəzəb doğurur. İnsanlar haqlı olaraq onların sərt şəkildə cəzalandırılmasını tələb edirlər. Ancaq nə etmək olar ki, ölkəmizin demokratik dəyərlərə və prinsiplərə xüsusi önəm verməsi şivənçilərə qarşı hüquqi tədbirlər görməyə imkan vermir. Digər tərəfdən milli varlığımıza qarşı şər və böhtanlar səsləndirən məxluqların bəziləri erməni lobbisinin, bəziləri də Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən ölkələrin qaranlıq dairələrinin arxasında gizlənib hədyanlarını ifadə edirlər. Lakin cəmiyyətdə bir əminlik var ki, gec-tez müxtəlif məkrli qüvvələrin əlində alət olub, Azərbaycana qarşı erməni maraqlarına söykənən fikirlər söyləyənlər və fəaliyyət göstərənlər mütləq layiq olduqları cəzalarını alacaqlar. Onları bağışlamaq və ya onların etdiklərini unutmaq mümkün deyil. AXCP sədri Əli Kərimlinin və Milli Şuranın sədri Cəmil Həsənlinin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ Senatına müraciət ünvanlamalarını unutmaq olar? 44 günlük Vətən müharibəsində cəmiyyətin bütün təbəqələrinin düşmənə qarşı birləşdiyi halda Cəmil Həsənlinin, Əli Kərimlinin, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbərin və Arif Hacılının fərqli mövqe sərgiləmələrini yaddan çıxartmaq olar?

Susmaq qızıl deyil, çarəsiz duruma düşmək və reallığı qəbul etmək deməkdir

Fransanın Azərbaycana qarşı tutduğu irticaçı mövqe hər kəsə məlum olduğu halda Cəmil Həsənli və Əli Kərimli Fransa Senatına təbrik məktubu ünvanlayıblar. Ona görə yox ki, Fransa prezidenti E.Makronun rəhbərlik etdiyi siyasi partiyanın Avropa parlamentinə keçirilən seçkilərdə uduzub. Ona görə ki, guya fəaliyyəti dönəmində uğurlu fəaliyyət göstərib. Ancaq anlamırlar ki, Fransa Senatı Ermənistan üzərində hərbi qələbədən dərhal sonra Azərbaycana qarşı əndərəbadi qətnamə qəbul edib. Fransa deyildimi Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı vandal hərəkətləri edən? Azərbaycan jurnalistlərinin Fransada təqib olunmasından, onların informasiya toplamaq və yaymaq hüquqlarının kobud şəkildə pozulmasından bəyəm Ə.Kərimli və Cəmil Həsənli xəbərsizdirlər? Bilmirlər ki, Fransa hakimiyyəti "Azərtac" Dövlət Agentliyinin jurnalistini şengel ərazisinə buraxmaqdan imtina edib? Suallar çoxdur, lakin bir həqiqət var ki, bu gerizəkalı məxluqlar bu suallara cavab vermək imkanına malik deyillər. Bəlkə də müstəqil olsalar nəsə deyib, vəziyyətdən çıxmağa çalışarlar. Lakin hərəsi bir ünvana bağlı olduqlarından cəmiyyətin haqlı tələblərinə və suallarına cavab vermirlər, belə demək olar ki, susurlar. Susmaq isə qızıl deyil, çarəsiz duruma düşmək və rellığı qəbul etmək deməkdir. Hazırda İsveçrədə yaşayan, keçmiş müsavatçı Elbəyi Həsənli haqlı olaraq Ə.Kərimlini və ətrafında olanları yanlış yol tutmaqda günahlandırıb: "AXCP Azərbaycanın gələcəyini necə görür? Bu partiyanın funksionerlərinin bəyanatlarından, müsahibələrindən mən belə başa düşürəm ki, AXCP Türk Dünyasına yox, daha çox Qərbə inteqrasiyaya meyillidir. Yəni Azərbaycan Türk Dünyasının yox, məhz Qərbin bir parçası olmalıdır".

E.Həsənli əlində olan faktlara istinadən Əli Kərimlini və onun əqidə dostlarını Qərbin maraqlı dairələrinin sifarişi əsasında Türkiyə hakimiyyətinin siyasətini bəyənməmək də ittiham edir: "Bizim demokratlar nədən Türk Dünyasını bəyənmirlər? Axı AXC yarandığı gündən daima Türk Birliyinə çağırış edib. Mərhum Əbülfəz Elçibəy təpədən-dırnağa türk millətçisi idi. Özünü Atatürkün əsgəri hesab edirdi. Nədən AXCP belə bir ideoloji transformasiyaya məruz qalıb? Məncə, səbəb çox sadədir. AXCP zənn edir ki, onlar yalnız Amerikanın, bütövlükdə isə Rusiyanın təbiri ilə desək, kollektiv Qərbin dəstəyi ilə iqtidara gələ bilərlər. Ona görə də Qərbdən bərk yapışıblar. Əminəm ki, iqtidar Türk Dünyasına bu qədər önəm verməsə idi, AXCP Qərbə bu qədər meyil göstərməzdi. Yəni siyasi çıxarları naminə belə bir yol tutublar".

Əli Kərimlidən narazı olanlar AXCP-ni tərk edir

Söz yox Əli Kərimlinin yarıtmaz siyasəti uzun müddət davam edə bilməz. Yəni elə cəbhəçilərin özləri Ə.Kərimlidən imtina etməklə, AXCP-ni xilas edə bilərlər. Artıq bununla bağlı AXCP-dəki çoxluq geniş və əhatəli fəaliyyətə başlayıblar. Xüsusilə də, AXCP MNTK-nın sədri Aydın Əliyev partiya daxilində Ə. Kərimliyə qarşı müqavimət qrupu yaradıb. Bununla kifayətlənməyən Aydın Əliyev xüsusi ittiham qaydasında Əli Kərimli haqqında məhkəmədə iddia qaldırıb. Qanunvericiliyə əsaslansaq, o zaman o fikri vurğulamaq olar ki, Ə.Kərimli həbs olunacaq. Ən azı ona qarşı inzibati cəza tətbiq ediləcək. Bunu özünü hüquqşünas olaraq cəmiyyətə sırımağa çalışan Ə. Kərimlinin özü də yaxşı anlayır. Ona görə də, səfirliklərə üz tutaraq onlardan həbsinin qarşısının alınmasında yardımçı olmalarını xahiş edir. Hətta bir qədər əvvəl Əli Kərimlinin Piter Mixalko ilə keçirilən görüşündə ondan həbsinin aradan qaldırılmasına yardımçı olmasını xahiş edib. Maraqlıdır ki, onun acizliyi, qorxaqlığı AXCP daxilində təəccüb doğurub. Əksər cəbhəçilər belə bir sədrin rəhbərliyi ilə qarşıya qoyulan məqsədlərə çatmağın mümkünsüz olduğunu bəyan edir və partiyadan istefa verirlər. Dünən Ə.Kərimlinin qorxaqlığına və zəifliyinə, eləcə də səhv siyasət aparmasına etiraz əlaməti olaraq AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli partiyadan istefa verdiyini bəyan edib. Asif Yusifli açıq şəkildə bildirib ki, uzun illərdir ki, heç bir uğurlu nəticə əldə edə bilməyən partiyada qalmaq vaxt itirməkdən başqa bir şey deyil. Asif Yusifli Ə.Kərimlinin sentyabrın 1-də keçirilən parlament seçkilərini "Boykot" qərarının onun ən böyük səhvi və yanlış mövqeyi olduğunu bildirib: "Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm. Çıxmağımın səbəbi nədir? Xroniki boykot. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm".

Görünən ondan ibarətdir ki, artıq AXCP-dən istefaların yeni dalğası başlayıb. Baş verən istefalar AXCP-nin dağılmasına gətirib çıxaracağı şübhəsizdir. Çünki Ə.Kərimli sədrlikdən könüllü şəkildə istefaya getmək fikrində deyil. Bu isə o deməkdir ki, Ə.Kərimlinin yanlış siyasətindən narazı olanlar artıq partiyada qalmağı yersiz və əhəmiyyətsiz hesab edirlər. Ona görə də birlik və bərabərlik nümayiş etdirməklə AXCP-dən istefa verəcək və bununla da Ə.Kərimliyə etirazlarını nümayiş etdirəcəklər.

İLHAM ƏLİYEV