“Azərbaycanda insan haqları yüksək səviyyədə qorunur” - DEPUTAT DANIŞDI

18 Sentyabr 2024 16:15 (UTC+04:00)

“İnsan haqları bütün dünyada fundamental hüququn tərkib hissəsidir. İnsan haqlarının qorunması, müdafiəsi, təmin olunması səviyyəsi ilə ölkənin və cəmiyyətin demokratiklik, həmçinin inkişaf səviyyəsi müəyyən edilir. Bu mənada müstəqil Azərbaycan dövləti insan haqlarının təmin olunmasına ciddi önəm verir. Konstitusiyamızda da insanların hüquq va azadlıqları mühüm şəkildə qeyd edilmişdir. Azərbaycan insan haqlarının qorunması ilə bağlı bir sıra qanunlar qəbul edib, beynəlxalq konvensiyalara qoşulub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, istər dini, istər milli azadlıqlar Azərbaycanda yaşayan bütün vətəndaşlar üçün təmin olunmuşdur: “Təəssüf ki, bəzi hallarda imperialist, özünü demokratiyanın beşiyi adlandıran dövlətlər insan haqlarından başqa dövlətlərin daxili işinə qarışmaq üçün alət kimi istifadə edirlər. Bu da yolverilməzdir. Xüsusilə belə hallar inkişaf etməkdə olan dövlətlərə qarşı daha geniş şəkildə öz əksini tapıb. Son illərdə olan müharibələrin, dövlət çevrilişlərinin də böyük əksəriyyəti, məhz bu alətdən istifadə edərək xarici müdaxilə nəticəsində baş verib.
Belə təsirlərdən də Azərbaycan da sığorta olunmayıb və vaxtaşırı ölkəmizə qarşı Qərb dövlətlərindən bu cür təsirləri görürük. Siyasi məhbusla bağlı söhbətlər ortalığa atılır, söz-mətbuat azadlığı ilə bağlı ölkəmizə qarşı əsası olmayan fikirlər səsləndirilir. Azərbaycan da təbii ki, bu iddiaları daim təkzib edir və əsassız olduğunu göstərir.

Eyni zamanda, insan haqlarının qorunmasını yüksək səviyyədə başqa dövlətlərdən tələb edən Qərb dövlətlərinin özü, Fransa, Amerika, Almaniyada tez-tez insan haqlarının ciddi şəkildə pozulmasını görürük. Bir çox hallarda Qərb ölkələrində polislərin qeyri-insani davranışlarının da şahidi oluruq. Amma onlar özləri bu haqda bir kəlmə belə danışmırlar. İnsanları küçədə güllələyirlər, amma bu haqda danışmırlar.

Azərbaycan torpaqlarının işğal altında qaldığı 20-30 il müddətində bizim bir milyon insanımız qaçqın və məcburi köçkün vəziyyətində yaşadı və onların ən fundamental haqqı olan öz evində yaşamaq haqqı pozuldu. Lakin bu məsələyə fikir bildirən olmadı və bir dəfə də beynəlxalq səviyyədə insan haqlarının müdafiəsi institutları məsələni qaldırmadılar.

Azərbaycanda insan haqları yüksək səviyyədə qorunur. Biz bunu parlament seçkilərində bir daha müşahidə etdik. Belə ki, seçki ərəfəsində bütün vətəndaşlar azad şəkildə öz seçimlərini etdilər”.