Kəlbəcərdə inşa işləri ilə tanışlıq olub

18 Sentyabr 2024 15:05 (UTC+04:00)

Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Kəlbəcərdə yeni yaşayış məntəqəsi və şəhər təhsil kompleksinin inşası ilə tanış olublar. SİA xəbər verir ki, qonaqlara təhsil kompleksi layihəsi haqqında ətraflı məlumat verilib.

Ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşəkar emalatxanalar, STEAM zonası, məktəbəqədər hazırlıq üçün yer və digər zəruri obyektlər yaradılacaq.

Bildirilib ki, kompleksin ərazisində 528 şagird yerlik məktəb də tikilir.

Bundan başqa, diplomatik korpusun nümayəndələrinə bildirilib ki, yaşayış məntəqəsi ərazisində keçmiş məcburi köçkünlərin geri qayıtması üçün bütün lazımi infrastruktur yaradılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar.