“Anti-terror tədbirlərinin keçirilməsi zərurət idi” - ŞƏRH OLUNDU

18 Sentyabr 2024 14:25 (UTC+04:00)

“Anti-terror tədbirlərinin keçirilməsi zərurət idi. Azərbaycan dövləti məcburiyyət qarşısında qalaraq bu tədbirləri həyata keçirməli oldu. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti xoşməram nümayiş etdirərək ermənilərə silahı yerə qoyub, dinc həyata başlamağı təklif etmişdi. Azərbaycan dövləti ermənilərlə normal şəkildə yaşamağa qərarlı idi. Amma təəssüflər olsun ki, Rusiya sülhməramlılarının birbaşa nəzarəti altında olan ərazidə yaşayan ermənilər birbaşa Rusiya sülhməramlılarının yardımı ilə silahlanmağa başladı və Azərbaycan dövlətinə qarşı yeni iddialar irəli sürüldü”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, Azərbaycan dövlət müdrikliyi nümayiş etdirərək bu məsələdə təmkinli davrandı və ermənilərə qarşı sərt addımlardan çəkindi: “Bu məsələdə dəfələrlə həm ermənilərə, həm də onların arxasındakılara, eyni zamanda Rusiya sülhməramlılarına xəbərdarlıqlar edildi ki, bu cür addımlardan çəkinsinlər. Amma təəssüflər olsun ki, nə sülhməramlılar, nə də ermənilər Azərbaycan dövlətinin xoşməramlı çağırışlarına qulaq vermədilər. Hətta ağır silahlarla silahlanmağa davam etdilər. Belə olan şəraitdə Azərbaycan dövləti növbəti xəbərdarlıqlarını, çağırışlarını etdi. Dövlət bölücülük və terrorçuluqla məşğul olanlara yerini göstərmək məcburiyyətində qaldı.

2023-cü ilin 19-20 sentyabrında, 1 sutkadan da az bir müddətdə davam edən anti-terror tədbirləri sadalanan vəziyyətdən qaynaqlanır. Təbiidir ki, məqsədimiz ermənilərə cəbhə açmaq, onları məhv etmək deyil. Məqsədimiz Qarabağda dinc yaşayışı bərpa etmək idi. Ona görə də Azərbaycan dövləti məhz bu yolla terrorçuları və bölücüləri ərazidən uzaqlaşdırdı. Nəticədə isə artıq Qarabağda dinc yaşayış bərpa edilib. Hətta artıq Qarabağ Universiteti belə fəaliyyətə başlayıb, tələbələr ora qayıdır. Ermənilər isə anti-terror tədbirlərindən sonra seçim etdilər və ərazilərimizi tərk etdilər. Baxmayaraq ki, Azərbaycan dövləti onlara dəfələrlə çağırışlar etdi ki, ərazilərimizdə qanunlarımız çərçivəsində, Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər. Amma onlar çıxıb getməyi seçdilər.

Ermənilər 2020-ci ildə Vətən müharibəsindən sonra yenidən pozuculuq etməsəydilər, anti-terror tədbirlərinə də ehtiyac qalmayacaqdı. Lakin onlar ağıllanmadılar və silahlanmağa davam etdilər. Azərbaycan isə anti-terror tədbirləri ilə yenidən ermənilərin cavabını verdi”.