"İctimai nəqliyyat gediş haqqı sahibkarın sərmayəsi hesabına maliyyələşə bilməz" - AYDINLIQ GƏTİRİLDİ

18 Sentyabr 2024 16:18 (UTC+04:00)

"Qatarların, avtobusların sayını artırmaqla, avtobus zolağı çəkməklə tıxacın düzələcəyini gözləmək olmaz. Öz növbəsində bunlar da lazımdır". Bunu SİA-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

O bildirib ki, biz buna tıxac yox, müasir, dayanıqlı mobilliyi təmin etmək deyə bilərik: "Bakı şəhərində, Abşeronda dayanıqlı mobilliyi təmin etmək hədəfdir. Bunun üçün çox ciddi işlər görülməlidir, amma kompleks işlər olmalıdır. Bu dəqiqə çatışmazlığımız odur ki, işlər kompleks şəkildə həyata keçirilməlidir. Bu kompleks işlər içində nəqliyyatdan kənar məsələlər də var. Yol hərəkətinin Təhlükəsizliyinə aid Dövlət Proqramı 2018-ci ildə qəbul olundu. Kağız üzərində qaldı, icra olunmadı. Orada konsepsiyalar var idi, bəzilərini götürdülər.

Mobillik məsələsi şəhərsalma məsələsinin tərkib hissəsidir. Şəhərsalma, məskunlaşma o deməkdir ki, burada insanlar yaşayacaq. Həmin insanların hərtərəfli sosial həyatı təmin olunmalıdır. Hərtərəfli sosial həyatın ən vacib elementlərindən biri də mobillikdir. Yəni insan bir nöqtədə bütün həyatını keçirmir. Bir yerdə yaşayır, başqa yerdə işləyir, oxuyur. İstirahət, turistik səfərlər, dost-tanışla görüş, alış-veriş və sair. insanların bu ehtiyaclarını ödəmək üçün mobilliyə ehtiyac var. Mobillik də şəhərsalmanın tərkib hissəsidir. Ona görə də Bakı şəhərinin Baş planının içində həm də Bakı şəhərinin mobillik planı olmalıdır".

Onun sözlərinə görə, Azərbaycanda sosial aktiv əhalinin haradasa 50%-i, bəlkə də, çoxu Bakı şəhərində yaşayır: "Bunun qarşısı mədəni şəkildə alınmalıdır. Rayonları, regionları inkişaf etdirmək lazımdır. Oraya sərmayə qoyub biznesi qaldırmaq lazımdır. Avropanın demək olar ki, heç bir ölkəsində Azərbaycandakı kimi təmərküzləşmə yoxdur. Məsələn, İtaliyanın 60 milyon əhalisinin cəmi 4 milyonu paytaxtda yaşayır. İkincisi isə Bakının ətrafında məskunlaşma ilə bağlı çox ciddi səhvlərə yol verilib. Onlar aradan qaldırılmalıdır, ordakı infrastruktur bərpa olunmalıdır. Məsələn, Bakı ətrafı yaşayış massivində 10 min əhali yaşayır, amma bir məktəbi yoxdur. Ona görə də hamı dərslər başlayana kimi Bakıya gəlir və tıxac yaranır. Orada məktəb olsa, həmin insanlar Bakıya gəlməyəcəklər. Eynən də iş yerləri, istirahət yerləri, alış-veriş yerləri, tibb müəssisələri hamısı elə olmalıdır ki, insanlar uzağa getməyə ehtiyac görməsinlər.

Daha sonra ancaq nəqliyyata gəldikdə ictimai nəqliyyat inkişaf etməlidir. Dünya təcrübəsi göstərir ki, dayanıqlı mobilliyin təmin olunmasında ictimai nəqliyyatın alternativi yoxdur. Bir nömrəli hədəf bu olmalıdır. İctimai nəqliyyat gediş haqqı, sahibkarın sərmayəsi hesabına maliyyələşə bilməz. Bura dövlət, yaxud da bələdiyyə sabit, dayanıqlı maliyyə vəsaiti qoymalıdır ki, bu sahə inkişaf etsin. Metronun stansiyalarının sayı artsın, avtobuslar yenilənsin. Abşeronda 100 minlərlə insanın ictimai nəqliyyata əli çatmır. Məcbur olur ki, ancaq avtomobildən istifadə etsin. Bu istiqamətdə işlər görülməlidir. Bəzi yerlərdə tramvay xətləri bərpa olunmalıdır. Çünki tramvay yüksək dayanıqlılığı olan və keyfiyyətli sərnişin daşıma xidməti göstərən, təhlükəsiz nəqliyyatdır. Qatarlar da dayanıqlı, stabil nəqliyyat növüdür. Şəhərətrafı qatar şəbəkəsini genişləndirmək, inkişaf etdirmək lazımdır. Amma bunların sabit maliyyə mənbəyi olmalıdır, hər şey bölünməlidir. Şəhərsalma, mobillik planının içində dəqiq, aydın konsepsiya ilə davamlı kompleks surətdə getməlidir. Yoxsa yerində sayıb kosmetik hansısa məsələləri həll edib növbəti problemlə qarşılaşanda yenə də başımızı tutacağıq ki, "bundan sonra nə edək?".