Çoxuşaqlı, yoxsa çoxdərdli ailə? - MÜNASİBƏT BİLDİRİLDİ

18 Sentyabr 2024 10:59 (UTC+04:00)

"Təbii artım təkcə Azərbaycanda deyil, qlobal miqyasda enmə dinamikası ilə müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, bunun bir çox səbəbləri var: "Sovetlər dönəmində və ondan əvvəlki vaxtlarda Azərbaycanda çoxuşaqlı ailələr üstünlük təşkil edirdi. Azərbaycan cəmiyyəti üçün bu xarakterik idi. Ənənəvi cəmiyyət olduğumuz üçün bizdə çoxuşaqlı ailələr həyat tərzi idi. Bəzən ailələr yarışırdılar ki, kimdə daha çox uşaq dünyaya gələcək. Sovetlər dönəmində də müharibədən sonra itkilərin yerini doldurmaq üçün bu demoqrafik siyasət təşviq olundu, çoxuşaqlı ailələr təşviq olundu. Hətta qəhrəman ana adı müəyyənləşdi. Qəhrəman ana adı imtiyaz olaraq verildi. Hesab edirəm ki, bu çoxuşaqlı ailələr demoqrafik siyasət kimi körüklənir və təşviq olunurdu. Ancaq Sovet İttifaqının fiyaskosundan sonra təkcə fiziki sərhədlər deyil, mənəvi sərhədlər də götürüldü. İnsanlar xarici ölkələrə gedib-gəlməyə başladılar. Müxtəlif serial, filmlərlə Azərbaycan insanı da gördü ki, çoxuşaqlı ailə trend deyil. "Çoxuşaqlı ailədənsə daha çox keyfiyyətli uşaq olsun" kimi düşüncə gəlməyə başladı. Avropa, Qərb ölkələrdə olan eqoist həyat tərzini yavaş-yavaş Azərbaycan insanı da mənimsəməyə başladı.

Eyni zamanda çoxuşaqlı ailələrin azalmasına səbəb həm də o idi ki, əgər Sovetlər dönəmində çoxuşaqlı ailələrə uşaq pulu verilirdisə, 2006-cı ildən etibarən uşaq pulu Azərbaycanda verilməməyə başladı. Bunun əvəzini ünvanlı sosial yardım əvəz etməyə iddialı olsa da, təcrübə onu göstərir ki, ünvanlı sosial yardım uşaq pulunu əvəz edə bilməz. Çünki ünvanlı sosial yardım əhalinin təbəqələrini əhatə edə bilmir. Ölkədə 2 milyon 600 min uşaq var. Bu uşaqların 600 mini sosial müavinət və sosial dəstəklə əhatə olunub. Onların da 160 mini ünvanlı sosial yardımın əhatəsində olan uşaqlardır. Yerdə qalan uşaqlar uşaq puluna ehtiyacı olan uşaqlardır. Əhalinin zəngin, imkanlı təbəqələri də var. Hesab edirəm ki, doğumun səviyyəsini, təbii artımın inkişaf tempini artırmaq üçün ehtiyacı olan ailələrə uşaq pulu vermək məqsədəuyğundur. Belə olarsa, güman edirəm ki, təbii artıma müsbət təsir göstərəcək. Çünki təcrübə onu göstərir ki, Sovetlər dönəmində uşaq pulu demoqrafik siyasəti dəstəkləyən addım kimi istifadə olunan alət idi. Uşaq pulları bərpa olunarsa, bu, demoqrafik siyasətə təkan verə bilər.

Son vaxtlar insanlarda eqoist həyat tərzi başlayıb. İnsanlar bir, iki, ən yaxşı halda üç uşaqla kifayətlənirlər. Əvvəlki ailə düşüncəsi artıq aradan qalxıb. Ailələrin statistikasına baxanda görürük ki, boşanmalar da bu hallara təsir edir. Boşanmalar çox olduqca təbii artım aşağı düşür. Bu da başa düşüləndir. Biz həm də boşanmaların qarşısını almalıyıq.

Artımın azlığı gələcəkdə əmək bazarında, səfərbərliklə bağlı məsələdə problem yarada bilər. Təbii artım aşağı düşürsə, mexaniki artım artır. Yəni ölkəyə miqrant axını arta bilər. Bu, bütün ölkələrdə belədir, hətta Avropa ölkələri bundan əziyyət çəkirlər".

"Təbii artımın aşağı düşməsi həm də genefon üçün təhlükə yarada bilər. Bəzi iqtisadçılar bunun SOS siqnalı səviyyəsində olmadığını vurğulayırlar, ancaq bir neçə ildir ki, Azərbaycanda təbii artımda enmə dinamikası var. Bu, bütövlükdə ölkədə SOS siqnalı çalır. Yeni doğulanlar azalırsa, gənclərin sayı azalır, ahıların sayı çoxalır. Bu da əhalinin qocalması mənasına gələ bilər. Bunun qarşısını almaq üçün çalışmalıyıq ki, təbii artım inkişaf tempi əldə etsin. Son 22 ildə Azərbaycanda ahılların sayı 99,4%-i artıb. Amma əhalinin ümumi sayı 26,44% artıb. Deməli, ölkədə əhalinin qocalması sindromu yaşana bilər. Eyni zamanda ölkə əhalisi içində pensiyaçıların saldosu da təqribən 10-11%-dir. Düzdür, ahıl yaşı Azərbaycanda Sosial Xidmət Qanununa görə 70 yaş sayılır. Ancaq bir ölkədə ahılların sayı ölkə əhalisinin ümumi sayının 7-8%-ni təşkil edirsə, əhali qocalmış sayıla bilər. Güman edirəm ki, Azərbaycanda pensiya yaşına çatan insanların 10-11% olması artıq bizdə də əhalinin qocalması ilə bağlı SOS siqnalı səsləndirir" - deyə o, əlavə edib.