"Şagird qiymətləndirilməsi məktəbdə şagirdlərin təlim-tərbiyəsinin qiymətləndirilməsi əsasında formalaşır". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.
O bildirib ki, burada şagirdin məzmunu mənimsəməklə, dərsə hazırlıqla bağlı bilikləri və fənn bilikləri üzərində qiymətləndirmədən əlavə həm də şagirdin davranış qiymətləndirilməsi üzərində qurulur: "Yəni şagird ola bilər ki, təlim prosesində çox yaxşı nəticə göstərsin, amma onun davranışında problemlər olsun. Əlbəttə ki, bu, onun yekun qiymətinə təsir göstərəcək. Ona görə də qiymətləndirmə bütövlükdə şagirdin təlim-tərbiyəsini ölçməyə xidmət edir.
Əvvəlcə qiymətləndirməni edən müəllim ədalətli yanaşmalıdır. Şübhə etmirəm ki, müəllimlərimizin qiymətləndirməyə münasibəti bu prinsip əsasında qurulub formalaşmasın. Ümumilikdə yaxşı pedaqoqlar hər zaman qiymətləndirmə apararkən şagirdə motivasiya yaratmaq baxımından bəzən qiyməti bir bal artırırlar. Bu da prosesin lehinə olan, gələcəkdə şagirdin daha yaxşı oxumasını təmin edəcək fəndlərdən biridir. Yaxşı pedaqoq, yaxşı müəllim bəzən bu cür fəndlərə əl atır. Şagirdlər arasında qiymət fərqi yarananda şagird başa düşür ki, qiyməti aşağıdırsa, deməli, yaxşı oxumur. Müəllim o şagirdi motivasiya etməlidir. Eyni zamanda, şagirdin məktəbdə təlim-tərbiyə prosesini ölçmə nəticəsində verilmiş qiymət həm də valideyn tərəfindən dəyərləndirilməlidir. Valideyn övladının təhsili ilə maraqlananda qiymət əsasında övladının təlim-tərbiyəsini bilir. Məsuliyyətli valideyn ən azından hər gün övladının aldığı qiymətlərlə maraqlanır. Qaydalar belədir ki, həftədə bir dəfə valideyn övladının gündəliyini imzalamalıdır. Amma bütün valideynlər bunu etmir".
"Yaxşı oxuyan şagirdi valideyni evində, ətrafında, qohumlar yanında tərifləyəndə bu, şagirdə müsbət təsir göstərir, onu daha yaxşı oxumağa həvəsləndirir. Valideyn iclaslarında valideynlər iştirak etsələr, gündəlik övladlarının təlim-tərbiyəsi ilə maraqlansalar, həm də sinfin bir parçası olacaqlar. Hansısa çatışmazlıqlar, problemlər varsa, onların aradan qaldırılmasına kömək göstərmiş olacaqlar", - deyə o əlavə edib.