“Boris” qasırğasının yaratdığı leysan yağışlar nəticəsində Rumıniyada 7, Polşada 7, Avstriyada 5, Çexiyada 3 nəfər həyatını itirib. Ümumilikdə ölənlərin sayı 22-yə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mərkəzi və Şərqi Avropanı vuran "Boris" qasırğasının yaratdığı güclü yağışlar vəziyyəti getdikcə pisləşdirib.
Həftə sonundan etibarən Polşanın cənubunda təsirli olan fırtınanın gətirdiyi şiddətli yağışlar Aşağı Sileziya (Dolnı Slask), Yuxarı Sileziya (Qornı Slask), Opole və Lubusz Voyevodalıqlarında çayları, bir çox yaşayış məntəqəsini su basıb.
Polşa Polis İdarəsindən verilən açıqlamada fırtınada həyatını itirənlərin sayının 7-yə yüksəldiyi bildirilib. Həddindən artıq yağış və daşqınlar nəticəsində döyüş meydanına çevrilən Stronie Slaskie, Klodzka, Qlucholazy və Ladek Zdroj şəhərlərində 10-dan çox insanın itkin düşdüyü bildirilib.