KOB-ların layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə

18 Sentyabr 2024 09:48 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edib. SİA agentliyə istinadən xəbər verir ki, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və yaxud fiziki şəxslər iştirak edə bilərlər.

Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır. Hər bir şəxs müsabiqə çərçivəsində yalnız bir layihə təqdim etmək hüququna malikdir. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Digər qurumların tam maliyyələşdirdiyi, icrası davam edən və yaxud başa çatmış layihələr əlavə olaraq və yaxud təkrar maliyyələşdirilə bilməz. Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır. Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 15 dekabrdan başlanılması nəzərə alınmalıdır. Layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 000 manatdır. Layihə sənədləri 24 sentyabrdan 23 oktyabra qədər qəbul olunayacaq.

Müsabiqənin keçirilmə vaxtı 25 oktyabrdan 25 noyabra qədərdir.

Müsabiqənin nəticələri 25 noyabrdan sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcək.