Bəzi icadlar var ki, onların ixtiraçıları yalnız təbiətdən ilhamlanıb. Suda işığın sınması, rənglərin ortaya çıxması və ya bitki toxumlarını yaymaq kimi təbiətdə mövcud sirləri açmaq bəşər övladının böyük qələbələridir. Gündəlik həyatımızda az qala hər yerdə rastlaşdığımız və “cırt-cırt” adını verdiyimiz kiçik, lakin mühüm ixtiranın tarixi belə bir məsələni həll etmək marağının nəticəsidir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
İsveçrə mühəndisi Corc de Mestral yenə iti ilə gəzməyə çıxmışdı. Bu səfər yeni yolla gedirlər. Evə qayıdanda görür ki, şalvarına və itinə yüzlərlə atpıtrağı alaq otu yapışıb. Həm şalvarından, həm də itinin tükündən alaq otu toxumlarını bir-bir təmziləmək məcburiyyətində qalan mühəndis marağını cilovlaya bilmir və toxumları mikroskop altında tədqiq etməyə başlayır. Bununla təsadüfən çırt-çırtın tapılması istiqamətində ilk addımı atır.
Toxumlar təbiətə yayılmaq üçün heyvan dərilərinə və ya yun parçalara yapışır. Buna görə yüzlərlə kiçik qarmaqlara çevrilir. Müşahidəsi zamanı Mestral bununla iki ayrı materialı bir-birinə müvəqqəti, lakin möhkəm şəkildə bağlamaq texnikasını anlayır. İki fərqli material üzərində ilgək və qarmaq yaratmağın yolunu tapmağa çalışan isveçrəli mühəndis təxminən 10 il təcrübələr aparır, şirkətlərlə görüşür, lakin fikrini dəstəkləyəcək kimsəni tapa bilmir. Corc Mestral nəhayət, toxuculuq sənayesinin mərkəzi olan Fransanın Lyon şəhərinə gedir və orada bir şirkəti biri qarmaqlı, digəri ilgəkli iki pambıq zolağı istehsal etməyə razı salır. Amma pambığın bu iş üçün çox zəif bir material olduğunu və parçalandığını görür. Mestral yenə dəstəksiz qalır. Lakin istehsal etdiyi bu ilk məhsul 4 il sonra - 1951-ci ildə müraciət etdiyi patenti almağa imkan verir.
Öz kəşfinə inanan və araşdırmalarını davam etdirən isveçrəli mühəndis bu dəfə daha çox möhkəm olan iki neylon zolaq götürür, ilgək və qarmaq üçün bir tərəfini qayçı ilə kəsərək onları bir-birinə uyğunlaşdıra biləcəyini görmək istəyir. Bu dəfə Mesralın bəxti gətirir və nəhayət, sənaye üsulu ilə istehsal edilən ilk cırt-cırtlı lentin kəşfini tamamlayır və 1 il sonra bazara çıxarır. Lakin gözlənilən maraq olmur. Çünki fransızca məxmər və çəngəl sözlərindən əmələ gələn "Velcro" cırt-cırt bant markası artıq ayaqqabı bağı və zənciri yerini möhkəmlətmişdi.
Corc Mestral çıxış yolunu tapır. Məhsulu apardığı ABŞ-da qarşılığını alır: inkişaf edən aerokosmik sənaye xüsusilə astronavtların skafandrlarını asanlıqla geyinib çıxara bilmələri üçün cırt-cırtlı bantdan istifadə edir. Az sonra dalğıc kostyumu istehsalçıları da ilgək texnikasını xizəkçi və digər idman geyim və alətləri üçün yoxlayır. Əvvəlcə "zəncirsiz zəncir" kimi bazara çıxarılan cırt-cırt zamanla uşaq geyimi məhsullarında da istifadə olunmağa başlayır.
XX əsrin 60-cı illərinin ortalarına qədər Corc Mestralın fabriki ildə 60 min kilometrdən çox cırt-cırt bantı istehsal edir.
Bir gün paltarını son anda tamamlamalı olan modelyerin düymələri qurtarır və stolunun üstündəki cırt-cırtlı lentdən götürür. O gün – bu gün cırt-cırt bandı geyimlərdə də dəbə minir.
İsveçrəli ixtiraçı 1978-ci ilə qədər cırt-cırt bandı istehsalında demək olar ki, monopoliyaya malik idi, lakin patent hüquqlarını yeniləməyi unudunca əvvəlcə Çin, sonra Cənubi Koreyada istehsal olunan ucuz mallar bazarı doldurdu, sonra hər ölkədə öz brendləri ilə yerli istehsalçılar peyda oldu.
Bu gün dünyanın ən çox faydalandığı ixtiralardan biri olan və həyatımızı asanlaşdıran cırt-cırt bandı təkcə geyim və ya ayaqqabı deyil, bəzək məhsullarından tibb əməliyyatlarına qədər bir çox fərqli sahədə istifadə edilir.