"Azərbaycanı layiqincə təmsil etmək mənim üçün qürurvericidir"

17 Sentyabr 2024 18:44 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən göstərilən böyük diqqət və qayğı nəticəsində milli musiqimizin təbliği, inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görülür, ölkəmizdə istedadlı gənclərin yaradıcılıq imkanlarının üzə çıxarılması, onların müxtəlif beynəlxalq müsabiqələrdə fəal iştirakının təmin olunması üzrə bir sıra layihələr həyata keçirilir. Bunun nəticəsidir ki, milli musiqimiz, adət-ənənələrimiz, zəngin yaradıcılığımız, tariximiz və mədəniyyətimiz hazırda ölkəmizin istedadları tərəfindən dünyanın müxtəlif ölkələrində layiqincə təmsil edilir. Həmin istedadlı gənclərdən biri də beynəlxalq və respublika müsabiqələri laureatı, “Qran-Pri” mükafatçısı, skripka ifaçısı Canel Nəcəflidir.

SİA AZƏRTAC-a istinadən onun söhbətini təqdim edirik.

Əslən şuşalı olan iyirmi iki yaşlı Canel hələ uşaq yaşlarından musiqiyə böyük maraq göstərib. Gənc musiqiçi ilk təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində skripka ixtisası üzrə alıb. Həmin illərdə bir çox tədbirlərdə fəal iştirak edib. O, daha sonra təhsilini Bakı Musiqi Akademiyasında davam etdirib və fərqlənmə diplomu ilə məzun olub. Hazırda isə Çexiyada Plzen Konservatoriyasının tələbəsidir.

Canel bildirib ki, ailə üzvlərinin musiqi duyumu sayəsində o, bu sahədə özünü çox inkişaf etdirib. “Anam əslən şuşalıdır. Bəlkə də bu səbəbdən musiqi mənim üçün bu qədər əzizdir. 5 yaşımda olarkən Əməkdar müəllim İrina Nəcəfəliyevadan piano dərsləri almağa başladım. Qısa bir zamanda maraqlı əsərlər ifa etməyi öyrəndim. Hər kəs mənim pianoçu olacağımı düşünürdü. Lakin məktəbdə skripka aləti üzrə ifaçılığa başladım. Skripkada ifa etmək mənim uşaqlıqdan arzum idi.

“Səhnədə ilk solo çıxışım 2014-cü ildə Beynəlxalq Muğam Mərkəzində “Barokko günləri” – beynəlxalq musiqi festivalında olub. Bir çox beynəlxalq və respublika müsabiqələrinə qatılmışam. İlk birinciliyimi Polşada keçirilən “Karavan Kulturi” adlı Beynəlxalq müsabiqə-festivalda qazanmışam. Daha sonra Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsində I yerə layiq görüldüm. 2020-ci ildə əldə etdiyim nailiyyətlərə görə Çexiyada musiqi sahəsində “İlin adamı” seçildim və “Orfeus” mükafatına layiq görüldüm. 2023-cü ildə “The 8th Florida Key Competition” müsabiqəsinin II yer qalibi olaraq ABŞ-da Karnegi Holl’da qaliblərin qala konsertində çıxış etməyə dəvət aldım və Fikrət Əmirovun “Sevgi rəqsi” əsəri ilə uğurlu çıxış etdim. Bu ilin aprelində Diaspor Komitəsinin dəstəyi ilə Barselonada (İspaniya) “Victoria Music Violin Competition” adlı digər nüfuzlu müsabiqədə iştirak etdim və münsiflər heyətinin sədri, SSRİ Xalq artisti, dünyaşöhrətli Viktor Tretyakov və digər münsif olan Natalya Lixopoy tərəfindən öz dəst-xətləri ilə yazılmış Fəxri diplomla təltif edildim”, - deyə skripka ifaçısı diqqətə çatdırıb.

Canel 2021-2022-ci illər ərzində “WorldVision” adlı dünya musiqiçilərinin qatıldığı müsabiqədə iştirak edib və birinci turda I yerə, 2-ci turda isə “Qran-Pri” mükafatına layiq görülüb. Həmçinin gənc istedadın Praqada Azərbaycanın Çexiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən Zəfər bayramının birinci ilinə həsr edilmiş “Long Live Azerbaijan” adlı solo konserti olub. Bu ilin sentyabrında isə Canel daha bir dünyaşöhrətli musiqiçi olan Zahar Bronun Berlində keçirdiyi ustad dərslərində iştirak edib. Gənc musiqiçi Polşa, Almaniya, İspaniya, Çexiya, Belçika, Rusiya, Türkiyə, ABŞ, İsveçrə, Fransa kimi ölkələrin tədbir və müsabiqələrində iştirak edib.

Gənc skripka ifaçısı bütün uğurlarının əldə olunmasında müəllimlərinin böyük rolu olduğunu bildirir: “Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk müəllimim olan Əməkdar müəllim İlhamə Ağayevaya dərin minnətdarlığımı bildirirəm. Həmçinin Əməkdar müəllim, professor Fatima İdyatulinaya da mənim bu ışıqlı yolda uğur qazanmağımda böyük əməyi olub. BMA-nın sonrakı illərində sinfində ixtisas üzrə təhsil aldığım Xalq artisti, professor Zəhra Quliyevaya, Çexiyadakı müəllimim professor, dünyaşöhrətli Roman Fedçuka göstərdikləri dəstəyə görə çox minnətdaram. Əziz müəllimlərim mənə hər zaman dəstək göstəriblər. Öyrəndiyim hər bir əsərin özünə uyğun emosiyaları var. Şən musiqi ifa edərkən insanın üzündə, gözlərində gülüş, təbəssüm yaranır. Lakin romantik, mülayim bir ifa insanı uzaqlara, təbiətin qoynuna, gözəl məkanlara aparır və insan özündən asılı olmayaraq həmin emosiyalara qapanır. Məncə emosiyasız ifa nə ifaçının, nə də dinləyicinin ürəyincə olmaz. Mən musiqini öz içimdə bu dediklərimlə təsvir edə bilərəm. Ən əsası isə musiqi ifa edərkən içimdəki hissləri yansıda bilmək üçün mütləq düzgün əsər seçiminə diqqət edirəm. Bu işdə mənə müəllimlərim də çox kömək olur”.

Ən böyük arzularımdan birinin Şuşada çıxış etmək olduğunu söyləyən həmsöhbətim artıq bu arzusunun da reallaşdığını söyləyir: “Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən xaricdə yaşayan soydaşlarımızın Şuşaya səfəri oldu. Mən də həmin heyətlə birlikdə doğma yurdumuz Şuşaya gəldim. Öz vətənimdə “Sarı gəlin” və “Ay Laçın” əsərlərini ifa edərək arzuma çatdım. Həmin an mənim üçün ifadə edilməyəcək qədər gözəl idi. Qarşıma qoyduğum hədəflərə çatmağı çox sevirəm və düşünürəm ki, bunun öhdəsindən gələ bilirəm. Planlarım böyükdür... Avropanın müxtəlif ölkələrindəki nüfuzlu konsert salonlarında, tanınmış orkestrlərlə və dirijorlarla Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət solo konsertlər vermək arzusundayam. Azərbaycanı layiqincə təmsil etmək mənim üçün qürurvericidir”.