270 mindən çox əmək müqaviləsi imzalanıb

17 Sentyabr 2024 16:49 (UTC+04:00)

Prezident İlham Əliyev tərəfindən 2024-cü il avqustun 12-də imzalanan qanunvericilik aktları əsasında tətbiq olunan innovativ yeniliklərdən biri olaraq işçi və işəgötürənlər arasında əmək müqavilələrinin bağlanması elektron qaydada həyata keçirilir. Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platforması üzərindən artıq 270 mindən çox əmək müqaviləsi imzalanıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, əmək müqavilələrinin elektron sənəd formasında bağlanılması, həmçinin əmək müqaviləsinin dəyişdirilməsi, ona xitam verilməsi işçi və işəgötürənlərin e-imzaları (“SİMA İmza”, “ASAN İmza” və Elektron imza (SİMA Token) vasitəsilə həyata keçirilir.

Müqavilənin bağlanılması, dəyişdirilməsi və ya ona xitam verilməsi yalnız ƏMAS üzərində imzalandıqdan sonra hüquqi qüvvəyə minir.

Hazırda proses davam edir. Bu sahədə işçi və işəgötürənlərdə hər hansı sual yaranarsa,142 - Çağrı Mərkəzinə müraciət edə bilərlər.