Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə

17 Sentyabr 2024 16:42 (UTC+04:00)

Sentyabrın 17-də 5 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan 8 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. Dövlət İmtahan Mərkəzindən (DİM) SİA-ya bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin ikinci təsnifatına, 2-si üçüncü təsnifatına, 5-i isə dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Aparatının rəhbərinin müavini vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Müsahibədə iştirak etmək istəyən namizədlər oktyabrın 1-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.