“Anti-terror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərqərar etdi. Bütün ölkə ərazisində suverenliyimiz təmin olunduqdan sonra ərazimizdə mühüm əhəmiyyətə malik tədbirlər keçirildi. Xankəndi şəhərində hərbi paradın keçirilməsi Azərbaycanın böyük qələbəsini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, digər tərəfdən növbədənkənar Prezident və parlament seçkilərinin keçirilməsi də bütün ölkə ərazisində geniş kütləni əhatə etdi: “Bu isə yeni reallıqlarda yeni proseslərin icrası demək idi. Anti-terror tədbirləri nəticəsində Azərbaycan ordusu öz ustalığı və peşəkarlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bir mülki obyekt, bir mülki şəxs belə bu tədbirlər nəticəsində ziyan görmədi. Bu da Azərbaycan ordusunun yüksək ustalığının və zərgər dəqiqliyi ilə hərbi tapşırıqların yerinə yetirilməsinin göstəricisi idi.
Digər tərəfdən Azərbaycan öz suverenliyini təşkil etdikdən sonra digər dövlətlər də Azərbaycanın yolu ilə getməyə çalışır. Post-sovet məkanında, eləcə də dünyada yeni nizamının formalaşmasında dövlətlər öz təhlükəsizliyini təmin etməyə çalışır. Bu cür çətin bir dövrdə Azərbaycan öz milli təhlükəsizliyini təmin edib, separatçılığa son qoyub, transmilli cinayətkarlığın qarşısını alıb və məhz regional təhlükəsizlik sisteminin daha da gücləndirilməsinin tərəfdarı kimi çıxış edir”.