"Dünyanın ekoloji vəziyyəti hər il pisə doğru getməkdədir" - ŞƏRH EDİLDİ

17 Sentyabr 2024 16:12 (UTC+04:00)

"Dünyanın ekoloji vəziyyəti hər il pisə doğru getməkdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, bu mənada keçirilən ekologiyanın yaxşılaşdırılması, ekologiyanın pisləşməsinin qarşını almaq üçün keçirilən tədbirlər bütün dünya üçün əhəmiyyətlidir: "Azərbaycanın belə bir təşəbbüsü öz üzərinə götürməsi zənnimcə, Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Çünki bu tədbirin keçirilməsi həm Azərbaycanı bütün dünyada məşhurlaşdıracaq, həm də ekoloji problemlərin vəziyyətini bir daha gün üzünə çıxaracaq.

Ötən ilin dekabr ayında COP29-la əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir. Bu müşavirədə tədbirin mahiyyəti, onun ölkəmizin qlobal aləmdə nüfuzu nöqteyi-nəzərindən əhəmiyyəti ölkə başçısı tərəfindən ətraflı şərh edilmişdir. Cari ilin yanvar ayında cənab Prezident tərəfindən COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalanmışdır. Təşkilat Komitəsi hazırda qlobal tədbirin reallaşması ilə bağlı müvafiq texniki-təşkilati tədbirləri uğurla həyata keçirir. Tədbir müddətində Bakı təxminən 70-80 min xarici qonaq qarşılayacaq. Bu baxımdan, COP29 Azərbaycan üçün həm də böyük siyasi əhəmiyyət daşıyır".

"Prezident İlham Əliyev vurğulayıb ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir və irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, böyük məsuliyyətdir. "Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq", - deyən dövlət başçısı bildirir ki, bu gün beynəlxalq aləmdə Azərbaycana hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Azərbaycanın COP29-a sədrliyi həm ölkəmiz, həm də dünya üçün mühüm bir hadisədir. Bu, iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səyləri birləşdirəcək və daha ədalətli, dayanıqlı bir gələcək qurmağa töhfə verəcək. Tədbir əhəmiyyətli tədbirdir. Bu tədbir Azərbaycanın adı, şöhrəti üçün böyük rol oynayacaq" - deyə o, əlavə edib.