Almaniyada Alzheimer xəstəliyindən ölənlərin sayı iki dəfə artıb

17 Sentyabr 2024 14:35 (UTC+04:00)

Almaniyada getdikcə daha çox insanın Alzheimer xəstəliyinə görə xəstəxanada müalicə olunmalı olduğu və xəstəlikdən ölənlərin sayının 20 ildə təxminən iki dəfə artdığı bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi "21 Sentyabr Dünya Alzheimerlə Mübarizə Günü" münasibəti ilə Alzheimer xəstəliyindən həyatını itirənlərlə bağlı məlumatları açıqlayıb.

Keçən il təxminən 10 min 100 adam Alzheimer səbəbi ilə həyatını itirib. 2003-cü ildə sağalmaz xəstəlik səbəbindən 5100 nəfər dünyasını dəyişib. Beləliklə, ölkədə Alzheimer xəstəliyindən ölənlərin sayı 20 il ərzində təxminən iki dəfə artıb. Digər tərəfdən, 2003-cü ildə 11 min 800 adam Alzheimer xəstəliyindən stasionar müalicə alarkən, bu rəqəm 2022-ci ildə 19 min olaraq qeyd edilib. 2022-ci ildə xəstələrin demək olar ki, yarısının 75-85 yaş arasında, 28 faizinin isə 85 və yuxarı yaşda olduğu müəyyən edilib. Alzheimer üçün xəstəxanaya yerləşdirilənlərin yalnız 6 faizi 65 yaşdan kiçik olub. Xəstələrin yüzdə 58-nin qadın, yüzdə 42-nin isə kişi olduğu müəyyən edilib və Alzheimer müalicəsi üçün xəstəxanada qalma müddəti ortalama 20,2 gün olaraq hesablanıb.

Destatis mütəxəssislərinin fikrincə, xəstəliyə yoluxma riski yaş artdıqca artır. Destatisin sözlərinə görə, Alzheimer diaqnozu səbəbi ilə xəstəxanaya yerləşdirmə və ölüm hallarının artması əhalinin getdikcə qocalması ilə bağlıdır.

Almaniyada 2003-cü ildən bəri 65 və yuxarı yaşda olan insanların sayı 27 faiz artaraq 18,9 milyon nəfərə çatıb. Ölkədə 85 və yuxarı yaş qrupu keçən il 1,4 milyondan 2,9 milyona yüksələrək 110 faiz artıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 55 milyondan çox Alzheimer xəstəsi olduğu halda, bu rəqəmin 2030-cu ildə 78 milyona, 2050-ci ildə isə 139 milyona yüksələcəyi gözlənilir. Dünyada yaşlı əhalinin artması ilə böyük ölçüdə artan Alzheimer xəstəliyi haqqında məlumatlılığı artırmaq və bununla mübarizə aparanlara dəstək olmaq məqsədi ilə hər il sentyabrın 21-i “Dünya Alzheimer Günü” kimi qeyd olunur.