Samir Qocayev
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Qarabağın tacı Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan qəsəbəsi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın Kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Ağdam, Laçın və Kəlbəcər şəhərləri bir güllə atılmadan azad edildi. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19-20 sentyabr tarixində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.
Reallıq budur ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməməsi, Ermənistanın mütəmadi təxribatlara can atması Azərbaycanın lokal antiterror tədbirlərinə rəvac verdi. Belə ki, ötən il Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizdə mina terrorunun davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur. Azərbaycan Ordusu peşəkarlığı, yüksək döyüş ruhu, fəaliyyətini təkmil plan əsasında qurması fonunda antiterror tədbirlərini uğurla başa çatdırdı. Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq.
Prezident İlham Əliyevin xalqa hər bir müraciəti qürurverici məqamlarla, müjdələrlə zəngindir. Belə ki, 2023-cü il sentyabrın 20-də xalqa müraciətində lokal antiterror əməliyyatlarının uğurlu nəticələrini diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın rəşadətli ordusunun növbəti dəfə missiyasını şərəflə yerinə yetirdiyini, antiterror tədbirlərinin uğurlu nəticələrinin sülh müqaviləsinin imzalanlanmasında bütün maneələri aradan qaldıracağına əminliyini ifadə etdi. Cənab İlham Əliyev “Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər” söylədi. Dövlət başçısı onu da əlavə etdi ki, bu, Cənubi Qafqazda yeni reallıq, uzunmüddətli sülh yaradacaq.
Prezident İlham Əliyev hələ 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində tarixi Qələbəmizə əminliyini ifadə edərək regionu gələcəkdə necə görmək istədiyini açıqlamışdı. Sülh, əmin-amanlıq, inkişaf hər zaman əsas hədəf kimi qarşıda dayanır.
Azərbaycan hazırda dünya miqyasında postmünaqişə reallıqları çərçivəsində çox nadir və miqyası görünməyən yenidənqurma layihəsi həyata keçirir. Bu işlər məhz Azərbaycan dövlətinin öz səyləri, resursları, təkmil idarəçiliyi əsasında reallaşdırılır. Beynəlxalq ictimaiyyət tərəfindən də bu məsələyə ciddi maraq var. Çünki Azərbaycanın bu təcrübəsi dünyanın başqa regionlarında da tətbiq oluna bilər.
Xalqa müraciətində Prezident İlham Əliyev, həmçinin Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsindən geniş bəhs etdi və vurğuladı ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər.
Azərbaycan ölkəmizin Qarabağ bölgəsinin yerli erməni sakinlərinə onların hüquq və azadlıqlarının Azərbaycanın Konstitusiyası və müvafiq beynəlxalq insan hüquqları mexanizmləri, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün nəzərdə tutulan mexanizmlərə uyğun şəkildə təmin edilməsinə dair zəmanət verilməsi istiqamətində qətiyyətli olduğunu bir daha təsdiqləyir.
Tarixi zəfərlərimizin reallıqları fonunda regionda dayanıqlı sülhün yaradılmasında maraqlı olan Azərbaycan sülh müqaviləsinin imzalanmasında Ermənistanın da eyni şəkildə səylər göstərməsini tələb edir. Dövlət başçısı İlham Əliyev xalqa müraciətində bu çağırışı da etdi ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır! yap.org.az