Rusiyanın Krasnoyarsk diyarının inzibati mərkəzində polis yerli bazarlarda reyd keçirib və reyd zamanı 520 nəfər saxlanılıb.
SİA xəbər verir ki, yerli Daxili İşlər Nazirliyi məlumat yayıb.
Deməli, miqrasiya rejiminin pozulması, sərhəd rejiminin pozulması, ölkədə qeyri-qanuni olma, əcnəbi vətəndaşların Rusiya ərazisində qanunsuz işləməsi və digər faktlara görə 24 inzibati protokol tərtib edilib. Təbii ki, ruslar “eşsəydilər” yenə də nəsə çıxarardılar, amma…
Yenə rus saytlarının yazdığına görə, Şaxtyorov küçəsində yerləşən "Yujnı" və "Luç" bazarlarında genişmiqyaslı reyd keçirilib. Reyd zamanı saxlanılan miqrantlardan “cinayətlərdə əli olub-olmadığını yoxlamaq üçün” ağız çubuğu götürülüb.
Saxlanılanların 417-nin xarici ölkə vətəndaşları olduğu qeyd edilir.
Yerli Daxili İşlər Nazirliyi bildirib ki, onlar Krasnoyarskda miqrasiya qanunvericiliyini pozan Özbəkistan, Azərbaycan, Tacikistan və Qırğızıstan vətəndaşlarını aşkar ediblər.
Polis onları inzibati məsuliyyətə cəlb etməyə hazırlaşır, azı 7 nəfərin barəsində deportasiya məsələsi həll edilir.
Məlumata görə, reyd zamanı saxlanılanlardan 92-si Rusiya vətəndaşlığını almış olanlar olub.
Polis əməkdaşları və Federal Təhlükəsizlik Xidməti əməkdaşları qeyri-qanuni miqrasiyanın mümkün təşkili halları ilə bağlı 50 yoxlama materialını qeydə alıblar.
…Yeri gəlmişkən, 2023-cü ilin oktyabrında Dövlət Dumasına qanun layihəsi təqdim edildi, ona əsasən, xarici vətəndaşların bütün ölkə ərazisində məktəblərdə, əczaçılıq sektorunda, dövlət tibb müəssisələrində, taksilərdə və yük daşımalarında işləməyi qadağan etmək təklif olunur.
…2023-cü ilin noyabrında Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Rusiyanın “miqrantlara qarşı passiv mövqeyindən” təəssüfləndiyini bildirib. O, bəzi postsovet respublikalarından olan insanların kuryer, taksi sürücüsü və satıcı kimi işləməsinə qadağa qoyulmasını təklif edib.\
Əli Babayev