"Son illərdə Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə peşəkarlıqla ev sahibliyi etməklə öz xoşməramlı niyyətini, töhfələrini dünyaya çatdırmış olur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, bildiyimiz kimi əvvəlki illərdən ölkəmizdə bir çox siyasi, mədəni, iqtisadi və idman xarakterli tədbirlər keçirilib: "Bu tədbirlərin keçirilməsi yenə də ardıcıl olaraq həyata keçirilir. Tədbirlərin keçirilməsi, xüsusilə də son günlərdə ölkəmizdə, Bakı şəhərində "Formula 1" kimi çox möhtəşəm və beynəlxalq səviyyəli yarışın keçirilməsi də ölkəmizin dünyada onsuz da artan nüfuzunu bir qədər də zirvələrə doğru aparır. Azərbaycanın, xüsusilə də Bakı şəhərinin ecazkar gözəlliyini, ölkəmizin, xalqımızın qonaqpərvərliyini və digər üstün cəhətlərimizi dünyaya, beynəlxalq arenaya çatdırılmasında böyük rol oynayır. Bilirsiniz ki, "Formula 1" yarışları dünyanın bir çox, onlarla ölkəsində canlı yayımlanır. Azərbaycanın paytaxtı Bakı şəhərindən açılış mərasimində himnimizin sədaları bütün dünyaya səs salır. Bu hər bir Azərbaycan vətəndaşını sevindirir. Bu, bizim üçün böyük fəxr və qürur mənbəyidir.
Eyni zamanda, Azərbaycanın idman ölkəsi olmasını, idmana necə böyük önəm verməsini bütün dünyaya nümayiş etdirmiş oluruq. Bu yarışların ölkəmizdə keçirilməsinin bir çox üstünlükləri var. Hesab edirəm ki, Azərbaycan bu tutduğu siyasi yola gələcəkdə də sadiq qalaraq yeni beynəlxalq səviyyəli yarışların, digər iqtisadi və siyasi, mədəni tədbirlərin keçirilməsini öz üzərinə götürəcək. Bu istiqamətdə yenə də beynəlxalq aləmə töhfəsini vermiş olacaqdır".