Sentyabrın 16-dan Bakı metropolitenində qatarların hərəkəti payız-qış mövsümünün tələblərinə uyğun qurulacaq. SİA xəbər verir ki, fəal istirahət dövrünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq. "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, qatarların yeni hərəkət qrafiki təsdiq edilib.
Belə ki, Yaşıl və Qırmızı xətlər üzrə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər olacaq. Həmin vaxtlarda "Həzi Aslanov-28 May" istiqamətində və əksinə qatarlar arasında ən aşağı interval 2 dəqiqə olacaq. Qeyd edilən hərəkət sahəsində günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox təşkil edəcək.