"Qərbdə müəyyən dairələr var ki, onlar yeni müstəqillik qazanmış ölkələrin müstəqil, güclü, öz hüquqlarını qoruya bilən ölkə olmasını istəmirlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, belə olduqda onlar özlərinin satış bazarını itirirlər, orada hakimiyyəti istədikləri vaxt dəyişmək imkanından məhrum olurlar: "Həmin ölkələri daima təsir altında saxlamaq imkanını itirirlər. Təbii sərvətləri zəngin olan ölkələr onların diqqətində daim öndədir. Azərbaycan da bu ölkələrdən biridir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən indiyə qədər onlar Azərbaycanı təsir altında saxlamaq üçün müxtəlif variantlara əl atırlar. Bunun ən birinci yolu ölkə daxilində 5-ci kolonun yaradılması, həmin qüvvələr vasitəsilə Azərbaycanda gərginlik yaratmaq, hakimiyyəti zəiflətmək, xarici qüvvələrin Azərbaycan daxilində daxili siyasət faktoru kimi fəaliyyət göstərməsinə şərait yaratmaqdır. Ancaq 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bunların qarşısı qətiyyətlə alınır. Bu xətt indiki Prezident cənab İlham Əliyev tərəfindən də davam etdirilir".
"Bu gün Azərbaycan birincisi, təbii sərvətlərinin sahibidir. Onu öz milli maraqlarına uyğun, xalqın sosial vəziyyətinin yaxşılaşdırılmasına, dövlətin güclənməsinə sərf edir. Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yeridir, ancaq maraqlarına uyğun olan addımlar atır. Üçüncüsü isə hakimiyyət məsələsi ancaq Azərbaycan seçicisinin rəyi ilə həll edilir. Bu isə, əlbəttə ki, xaricdə kimlərinsə xoşuna gəlmir. Müxtəlif yönümdən Azərbaycanı təsir altına almağa çalışırlar. AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq edilməməsi və orada 1-2 siyasi etikadan uzaq insan taparaq onların Azərbaycana qarşı aqressiv, təhqiredici bəyanatlar səsləndirilməsi də bu qəbildən olan məsələlərdir. Ancaq bunlar heç bir zaman Azərbaycanı öz müstəqilliyindən əl çəkməyə vadar etməyəcək. Bunlar Azərbaycanı Avropa dəyərlərindən, Avropa ailəsinin dəyərli üzvü olmaq istəyindən heç vaxt çəkindirə bilməyəcək. Demokratiya, insan hüquqları, hüquqi dövlət kimlərinsə Azərbaycana ixrac etdiyi faktorlar deyil, bizim seçimimizdir.
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri seçimimizin düzgün olduğunu və buna riayət etdiyimizi göstərir. Bu baxımdan Azərbaycan bundan sonra da daima müstəqil siyasət yeridəcək. Məhz bu müstəqillik xalqla hakimiyyətin birliyi, ərazi bütövlüyümüzü təmin etməyə imkan verdi. Ermənistanın vaxtaşırı Azərbaycana qarşı təxribatçı hərəkətlərinin qarşısını almağa imkan verdi. Bundan sonra da Azərbaycan özünün müstəqilliyini, suverenliyini apardığı müstəqil siyasətlə daim təmin edəcəkdir" - deyə o, əlavə edib.