“Ermənistanın sürətli şəkildə silahlanması, öz ərazilərini ayrı-ayrı Qərb dövlətlərinin hərbi birliklərinin üzün açması, sorğuların nəticələrinə görə bu ölkədə revanşist hisslərin hər keçən gün yüksəlməsi və ayrı-ayrı sərhəd bölgələrində atəşkəsin pozulması fonunda baş verənlər bir daha sübut edir ki, Ermənistan sülhə hazır deyil və bu ölkənin rəsmilərinin sülhlə bağlı açıqlamaları daha çox siyasi manipulyasiya təsiri bağışlayır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, artıq hər kəs qəbul edir ki, Ermənistan hakimiyyətinin müstəqil qərar qəbul etmək səlahiyyəti yoxdur: “Paşinyan hökumətinin Qərbin maraqlarından çıxış etməsi və Qərb dövlətlərinin Azərbaycan-Ermənistan münasibətlərinin gərgin qalmasına öz maraqlarını təmin etmək üçün fürsət kimi baxması sülh istiqamətində konkret addımların atılmasının qarşısını alır.
Ona görə də Paşinyan hakimiyyəti hər dəfə fərqli bəhanələr ortaya qoyaraq anormal təkliflər irəli sürür. Paşinyan hakimiyyətinin konstitusional dəyişikliklərlə bağlı tələblərin yerinə yetirilməsinən imtina etməsi və bu məsələnin sülh sazişinin mətnindən ümumiyyətlə çıxarılması ilə bağlı təklifləri, referendumun 2027-ci ildə keçirilməsi haqqında bəyanat yayması, Naxçıvan istiqamətində ərazilərimizin atəşə tutulması və s. faktlar bir daha sübut edir ki, İrəvan sülhə hazır deyil.
Sərhəd ərazilərdə davamlı şəkildə təxribatların olması, ərazilərimizin atəşə tutulması da vəziyyəti gərginləşdirməyə və sülh istiqamətində real addımlardan yayınmağa hesablanıb. Bunları nəzərə aldıqda Ermənistanın sülh istəmədiyi gün kimi aydın olur. Amma məsələ burasındadır ki, Ermənistan müharibədən də çəkinir. Çünki Ermənistanın Azərbaycanla müharibə aparmaq və nələrisə dəyişmək imkanları yoxdur. Paşinyan və komandası yaxşı başa düşür ki, növbəti müharibə Ermənistanı daha acınacaqlı duruma sala bilər. Belə ki, müharibənin yenidən başlayacağı halda nə ABŞ nə də Fransa əsgərləri onların yerinə döyüşə girməyəcək.
Ermənistanın indiki halda istədiyi nə müharibə nə sülh variantıdır. Onlar bununla vəziyyəti dondurulmuş şəkildə saxlamağa və gələcəkdə vəziyyətin dəyişilməsinə ümid edirlər.
Təxribatlarla Azərbaycanı cavab verməyə məcbur etmək və daha sonra Ermənistanın təhlükəsizliyi adı altında Qərb qoşunlarını Ermənistana yerləşdirmək planları var. Başqa szölə desək məqsəd alınan tapşırıqlara uyğun olaraq Cənubi Qafqazda gedən geosiyasi proseslərə kənardan müdaxilələrə imkan yaratmaqdan ibarətdir. Amma Ermənistan tərəfi bir adi həqiqəti anlamır və ya anlamaq istəmir ki, sülh olmayacağı halda bundan ən çox itirən məhz Ermənistan olacaq. Dalan dövlət olaraq qalmaqda davam edəcək və nəticədə öz müstəqilliyini də tamamilə itirəcək”.