ATƏT-in qərəzi təzyiq, yoxsa təhdiddir? TƏHLİL

10 Sentyabr 2024 17:17 (UTC+04:00)

Bu gün Azərbaycan bütün sahələrdə böyük uğurlara, nailiyyətlərə imza atır. Qazanılan möhtəşəm uğurlar ölkəmizin nüfuzunun daha da artmasına, mövqelərinin möhkəmlənməsinə təkan verir. Gözlənildiyi kimi bəzi yerli və xarici qüvvələr Azərbaycanın artan nüfuzundan narahat olmağa başlayıblar. Ona görə də, hər fürsətdə ölkəmizlə bağlı şər və böhtanlar səsləndirir, ittihamlar irəli sürürlər. Xüsusilə də, sentyabrın 1-də azad və demokratik şəkildə baş tutan parlament seçkiləri sonrası qərəzli qüvvələr qarayaxma kampaniyasını bir qədər də genişləndiriblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri daha çox qərəzli mövqe sərgiləyirdilər desək, səhv etmərik. Çünki bu qurumun təmsilçiləri heç bir fakta söykənmədən ittihamçı rolunda çıxışlar edirlər. Seçkilərin başa çatmasına hələ bir neçə saat qalmış ATƏT-in şablon hesabatı artıq hazır olduğu üzə çıxdı. Qərb demokratiyası bu prosesdə yenə də öz "ənənə"sinə sadiq qaldı. Təşkilat üzvləri hələ bir neçə gün əvvəl tərtib etdikləri hazır hesabat xarakterli sənədi yayaraq iddia etdilər ki, guya seçkinin hüquqi bazası demokratik seçkilər üçün əlverişli deyil, Konstitusiya və digər qanunların icazə verdiyi sərbəst toplaşmaq və ifadə azadlığı məhdudlaşdırılıb, beynəlxalq standartlara və ATƏT-in öhdəliklərinə uyğun gəlmir. Sənədin cızma-qara hissəsində qeyd olunur ki, MSK daxil olan şikayətlərin əksəriyyətinə mahiyyəti üzrə baxıb, lakin dəvət olunmuş tərəflərin arqumentləri heç vaxt nəzərə alınmayıb. MSK əvvəlcədən hazırlanmış qərarlar qəbul edərək şikayətçiləri qanunla, ATƏT-in öhdəliklərindən və beynəlxalq təcrübədə nəzərdə tutulmuş prosedur təminatlarından məhrum edib. Sənəddə o da vurğulanır ki, siyasi aktorların, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının, akademiklərin və jurnalistlərin həbs və həbsləri seçkiqabağı dövrdə də davam edib.

ATƏT-in Ermənistanda baş verən rüsvayçı seçkiləri, ictimai, siyasi qalmaqalları ört-basdır etməsi ikili standartlardan xəbər verir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasından fərqli olaraq Avropanın digər ölkəsinin müstəqil müşahidəçiləri parlament seçkilərinin azad və demokratik şəraitdə keçildiyini bəyan ediblər. ABŞ-ın "Oracle Advisory Group" təşkilatı keçirilən parlament seçkilərini yüksək qiymətləndirib. Ölkəmizdə 7 mindən çox seçici arasında "exit-poll" keçirən İtaliyanın "SWG SPA" şirkəti, MDB PA, TDT kimi mötəbər təşkilatlar seçki prosesindən razılıqlarını bəyan və məmnunluğunu ifadə etdilər. Dünyanın nüfuzlu KİV-ləri sentyabrın 1-də keçilən parlament seçkilərinə xüsusi diqqət ayıraraq seçkilərin Azərbaycan xalqının iradəsi əsasında baş tutduğunu qeyd etdilər. Yerli və xarici müşahidəçilərin az qala 98 faizinin parlament seçkilərinin azad və demokratik şəraitdə keçdiyini bəyan etdiyi halda ATƏT müşahidəçilərinin seçkilərə qara yaxmaları onların Azərbaycanın möhtəşəm uğurlarından ciddi narahat olduqlarını göstərir. ATƏT-in Azərbaycandan fərqli olaraq Ermənistanda baş verən rüsvayçı seçkiləri, ictimai, siyasi qalmaqalları ört-basdır etməsi ikili standartlardan xəbər verir. Əslində, ATƏT-in ikili standartlara söykənən mövqe nümayiş etdirməsi təəccüblü görünməyir. Çünki ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu 30 ilə yaxın Ermənistan ilə Azərbaycan arasında gedən danışıqlar prosesinə vasitəçilik edən ATƏT-in bir strukturudur. O ATƏT-in Minsk Qrupu ki, münaqişənin sülh yolu ilə həllində bitərəf vasitəçi olduğunu bəyan etsə də, reallıqda açıq şəkildə erməni separatizminə dəstək göstərib, münaqişənin uzanmasına yardımçı olub. Bir dəfə də olsun danışıqlar zamanı Ermənistana təzyiqlər göstərmək, işğalçıya iqtisadi sanksiyaların tətbiq olunacağı tələbi ilə çıxış etməyib. Əksinə, prosesdə Ermənistanın yanında olmağa çalışıblar. İkibaşlı siyasi oyunlar uzun çəkə bilməzdi və belə də oldu.

ATƏT-in Minsk Qrupu 30 il ərzində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir

2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsində Azərbaycanın qazandığı parlaq hərbi, siyasi, diplomatik qələbə ilə ATƏT-in Minsk Qrupu tarixin zibilliyinə atıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk Qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir: "Bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərmişdir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlətimizin başçısı qeyd etdi ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür". 8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk Qrupunun ləğv edildiyini bildirib.

Gözləmək olardı ki, ATƏT cəsarət taparaq özünü buraxmaq barədə bəyanatla çıxış edəcək

Təbii ki, gözləmək olardı ki, ATƏT özündə cəsarət taparaq özünü buraxmaq barədə bəyanatla çıxış edəcək. Çünki münaqişə artıq mövcud deyil, Dağlıq Qarabağ adlı qurum da yoxdur. Digər tərəfdən, Ermənistan xarici təsirlərə baxmayaraq Azərbaycanla sülh razılaşmasına doğru addımlar atır. ATƏT isə dirəniş göstərir, bəzi hallarda Ermənistana ənənəvi dəstəyini nümayiş etdirməklə sülh danışıqlarından yayındırmağa çalışır. Haqlı və əsaslı olaraq Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli yanaşmasına etiraz bəyanatı yayıb. Bəyanatda vurğulanır ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi bu kimi faktlarla bağlı heç bir araşdırma aparmır və bununla da beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərə əməl etmir: "Bununla belə Azərbaycana münasibətdə ikili standartlara yol verilərək Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə ATƏT tərəfindən heç bir reaksiya verilmir, əksinə, ölkəmiz barədə həqiqəti əks etdirməyən qərəzli məlumatlar paylaşılmaqla sülhyaratma fəaliyyətinin pozulmasına yönəlmiş addımlar atılır. Məlum olduğu kimi, artıq Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il "Alma-Ata bəyannaməsi"nə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıblar. Bu baxımdan, tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülhə daha da yaxınlaşdığı hazırkı çox həssas bir vaxtda məqsədli şəkildə nümayiş etdirilən bu qərəzli münasibəti kəskin şəkildə qınayır, ATƏT-i tərəflər arasında davamlı sülhün təşviqinə və insan hüquqlarının təmininə xidmət edən ədalətli mövqe nümayiş etdirməyə çağırırıq".

İLHAM ƏLİYEV